...

Yeni Azərbaycan Partiyası seçkilərlə bağlı hazırlıq işlərinə başlayıb – partiyanın sədr müavini

Siyasət Materials 19 Mart 2010 14:17 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb
Yeni Azərbaycan Partiyası seçkilərlə bağlı hazırlıq işlərinə başlayıb – partiyanın sədr müavini

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir M. Əliyev/

Yeni Azərbaycan Partiyası qarşıdan gələn Parlament seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb. Trend -un məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi internet saytına partiyanın sədr müavini - icra katibi Əli Əhmədov bildirib.

Onun sözlərinə görə, bu prosesdə partiyanın resursları nəzərdən keçirilir, seçki strategiyasının əsasları formalaşdırılır, ayrı-ayrı bölgələrdə partiya üçün mövcud olan seçki situasiyası dəyərləndirilir və beləliklə də proqram müəyyənləşdirilir.

Əhmədovun sözlərinə görə, YAP-ın Azərbaycanın bütün bölgələrində şaxələnmiş, böyük təcrübəyə malik olan yerli təşkilatları, ideoloji, intellektual və digər resursları var. "Bütün bunları bir mərkəzə cəmləşdirərək inamla deyə bilərəm ki, YAP olaraq noyabr ayında keçiriləcək parlament seçkilərində uğur qazanmağa bütün əsaslarımız və haqqımız var",  - partiyanın sədr müavin bildirib.

Bəzi müxalifət partiyaları seçkilərdə ölkənin kənarından dəstək qazanmağa cəhd göstərməsinə fikir bildirən Əhmədov deyib ki, siyasətlə məşğul olan qruplar və şəxslər əgər ölkənin daxilindəki demokratik qüvvələrə, demokratik prosedurlara deyil, ölkədən kənardakı hansısa qüvvələrə istinad edirlərsə, böyük səhvə yol verirlər. "Hər bir partiyanın taleyi onun fəaliyyət göstərdiyi ölkənin bilavasitə maraqları ilə əlaqədardır və maraqların da bu və digər formada nə dərəcədə uğur qazanması yalnız həmin maraqların ölkənin milli maraqları ilə nə dərəcədə əlaqələndirilməsindən asılıdır", - partiyanın sədr müavin bildirib. Onun fikrincə, bu kimi dar siyasi ambisiyalarının həyata keçirilməsinə çalışan partiyalar istər-istəməz qeyri-demokratik və qeyri-qanuni yollara əl atmış olurlar. "Bu yollardan biri də ölkədən kənarda fəaliyyət göstərən və o ölkənin daxili işlərinə bu və ya digər şəkildə müdaxilə etmək fürsəti güdən qüvvələrlə əlaqə yaratmaqdan ibarətdir", - Əhmədov deyib. O hesab edir ki, zaman həmin şəxslərin çox böyük suç sahibi və səhv yolda olduqlarını çılpaqlığı ilə sərgiləyəcək.

Xəbər lenti

Xəbər lenti