Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyi Aqreqat İstehsalat Birliyinin telemexanika zavodunda aparılmış yenidənqurma işləri ilə tanış olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Dövlətimizin başçısı zavodun həyətində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub.
Sonra Prezident İlham Əliyev zavodda yeni istehsal sahəsini işə salıb.
Məlumat verilib ki, telemexanika zavodu 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. Zavod nazirliyin tabeliyinə veriləndən sonra müvafiq bərpa və yenidənqurma işləri aparılıb və yeni istehsal sahələri yaradılıb. Prezident İlham Əliyev 2007-ci ilin dekabrında Şirvana səfəri çərçivəsində bu müəssisənin açılışında iştirak etmişdi. Son iki ildə müəssisədə silsilə yenidənqurma tədbirləri həyata keçirilib, burada dünyanın inkişaf etmiş ölkələrində istehsal olunan dəzgah, avadanlıq və istehsal xətləri quraşdırılıb.
Bildirilib ki, buradakı 5 yeni istehsal sahəsində 140-dan çox yeni iş yeri yaradılıb. Hazırda müəssisədə 330 nəfər çalışır. Yeni mexaniki emal sahəsində quraşdırılmış proqramla idarə olunan rotor xətlərində mürəkkəb konstruksiyaya malik məmulatların istehsalı təşkil olunub. Müəssisədə müdafiə təyinatlı məhsullarla yanaşı, müxtəlif növ mülki məhsulların istehsalı da qaydaya salınıb.
Dövlətimizin başçısı müəssisədə istehsal olunan hərbi təyinatlı məhsullardan ibarət sərgiyə baxıb.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.