...

Azərbaycanın Baş Prokurorluğu ali təhsil müəssisələrinin rəhbərliyini təhlükəsizliyi gücləndirməyə çağırıb

Siyasət Materials 2 Aprel 2010 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir M.Əliyev/ Azərbaycanın Baş Prokurorluğu ali təhsil müəssisələrinin rəhbərliyini təhlükəsizliyi təmin etməyə çağırıb.

Trend-in məlumatına görə, təhsil naziri Misir Mərdanov cümə günü jurnalistlərə bildirib ki, Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqınla əlaqədar başlanmış cinayət işinin istintaqının nəticəsi barədə baş prokurorun müavini Rüstəm Usubovun imzası ilə nazirliyə məktub göndərilib.

2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasına odlu silahla hücum edən Fərda Qədirov 12 nəfəri öldürüb, 13 nəfəri isə yaralayıb.

Həmin cinayət işi üzrə 4 nəfər həbs olunub və barələrindəki cinayət işinin istintaqı yekunlaşdıraraq, baxılması üçün məhkəməyə göndərilib. Təhsil naziri jurnalistlərə bildirib ki, bu məktubdan sonra bütün təhsil müəssisələrinin rəhbərliyinə mühafizənin təmin olunması məsələsinə yenidən baxılması barədə tapşırıqlar verib.

Məktubda ADNA-nın hadisə baş vermiş ikinci korpusunun mühafizəsinin təşkil olunmaması, korpusa daxil olan şəxslərin tələbə biletlərinin və xidməti vəsiqələrinin yoxlanılmaması səbəbindən cinayəti törətmiş şəxslər binada sərbəst gəzib və giriş-çıxışı öyrəniblər.

İstintaqla müəyyən edilib ki, fövqəladə hallar zamanı istifadə olunmalı pilləkənlərin aşağı mərtəbələrdə dəmir barmaqlıqlarla bağlı olması səbəbindən tələbə və müəllimlər binanı tərk edə bilməyiblər.

Baş Prokurorluq bu halları nəzərə alaraq, təhsil müəssisələrinin mühafizəsinin təşkil olunması, qanunvericiliyə müvafiq olaraq həmin binalarda giriş-çıxış qaydalarının müəyyən edilməsi, fövqəladə hallar zamanı binanı tərk etmək üçün xəbərdaretmə qurğularının və digər mühafizə sistemlərinin quraşdırılmasını, binaların ehtiyat çıxışlarla təmin olunması barədə tövsiyələr verib.

Xəbər lenti

Xəbər lenti