Azərbaycan, Bakı, 2 aprel /Trend, S.Ağayeva/
2010-cu il aprelin 1-də Belqradda Serbiya - Azərbaycan Ticarət-İqtisadi Palatasının təsis toplantısı keçirilib və sözügedən toplantıda Baş Qərargahı Belqradda yerləşəcək Serbiya - Azərbaycan Ticarət-İqtisadi Palatasının yaradılması haqda qərar qəbul olunub, - Trendə Azərbaycanın Rumıniyadakı səfirliyindən bildirilib.
Qurumun fəaliyyəti Balkan və Xəzər dənizi regionlarını, həmçinin, ölkələr arasında sıx ticari-iqtisadi əlaqələrin, qarşılıqlı sərmayə qoyuluşlarının təşviqini, iki ölkənin iş adamları arasında tərəfdaşlığın yaradılmasını, region ölkələrinin iqtisadi potensial və perspektivlərinin daha dərindən öyrənilməsini, birgə müəssisələrin yaradılmasını, müxtəlif layihələrdə iştirak və s. kimi məsələləri əhatə edəcək.
Tədbirdə Azərbaycan tərəfindən Cəmilə Cavanşir, Serbiya tərəfindən isə Tixomir Nenadiç Serbiya - Azərbaycan Ticarət-İqtisadi Palatasının vitse-prezidentləri seçiliblər.
Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov, eyni zamanda, Azərbaycanın Serbiyadakı səfiridir.