...

Həlak olan prezident Lex Kaçinskinin xatirəsi Polşanın Azərbaycandakı səfirliyində yad olunacaq

Siyasət Materials 10 Aprel 2010 21:36 (UTC +04:00)
Prezident Lex Kaçinskinin də olduğu təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin xatirəsi Polşanın Azərbaycandakı Səfirliyində yad olunacaq.
Həlak olan prezident Lex Kaçinskinin xatirəsi Polşanın Azərbaycandakı səfirliyində yad olunacaq

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Prezident Lex Kaçinskinin də olduğu təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin xatirəsi Polşanın Azərbaycandakı Səfirliyində yad olunacaq.

"Faciə ilə bağlı başsağlığı vermək istəyənlər üçün İçəri Şəhər, Kiçik Qala küç. 2 ünvanında yerləşən səfirliyin binasında 12-14 aprel 201-cu il tarixlərində, saat 11.00-dan 17.00-dək xatirə kitabı açıq olacaqdır", - Səfirliyin məlumatında deyilir.

Bakı sakinləri Səfirlik qarşısına gül dəstələri qoymaqla yad edir. Bu barədə şənbə günü Trend-ə Səfirlikdən məlumat verilib.

Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski və ailəsi Bakıda katolik kilsəsində faciədə ölənlərin ruhunu yad edib.

Varşavadan Smolenskə uçan Tu-154 təyyarəsi şənbə günü yerə enərkən Smolensk vilayətində Şimal hərbi aerodromunun uçuş-enmə zolağının 300-400 metrliyində qəzaya uğrayıb.

Qəza nəticəsində Polşa prezidenti və xanımı da daxil olmaqla 97 nəfər həlak olub.

Təyyarə yerə enərkən güclü dumanla əlaqədar ağaclara ilişib və enmə zolağına düşə bilməyərək hissələrə bölünüb. Vesti bildirir.

Qəzaya uğrayan təyyarədə Polşa rəsmilərindən bunlar olub: Polşa Prezidenti Lex Kaçinski, Polşa Prezidentinin xanımı Mariya Kaçinskaya, Polşanın sürgündə olan sonuncu prezidenti Rışrad Kaçorovski, Milli Yaddaş İnstitutunun rəhbəri Yanuş Kurtıka, Polşa Seyminin vitse-spikeri Yeji Şmaydzinski, Prezident dəftərxanasının rəhbəri Vladıslav Stasyak, Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şiqlo, Prezident dəftərxanasında nazirlər Pavel Vıpıx və Mariuş Handzlik, Polşanın Mübarizə Yaddaşının Mühafizəsi üzrə Şurasının baş katibi Ancey Pşevoznik, Polşanın xarici işlər nazirinin müavini Ancey Kremer, Polşa Qoşunları Baş Qərargah rəisi Frantişek Qonqor, Milli Bankın sədri Slavomir Skşipek, Polşa Seyminin tanınmış deputatları Pşemıslav Qosevski, Zbiqnev Vasserman, İolanta Şımanek-Dereş və İzabella Yaruqa-Novaska.

Xəbər lenti

Xəbər lenti