Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir A.Hüseynbala/
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri deyib ki, Parlamentdə təmsil olunan partiyaların nümayəndələri ilə görüşməkdə məqsədi Azərbaycandakı demokratik proseslərin inkişafına bundan sonra necə dəstək verməklə bağlıdır.
"Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin əksəriyyətinə əməl edib və bu, təqdirəlayiqdir", - Trend-in məlumatına çərşənbə günü AŞ PA sədri Mövlud Çavuşoğlu Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşündə bildirib.
Çavuşoğlunun sözlərinə görə, demokratiya uzun bir proses olduğundan, bununla bağlı Azərbaycanda görülən işləri dəstəkləməyə ehtiyac var.
"Bu səbəbdən Parlamentdə təmsil olunan partiyaların nümayəndələrinin fikirlərini, təkliflərini dinləməyi qərara almışam", - o əlavə edib.
"Sizi prezident seçilməyiniz münasibətilə təbrik edir və düşünürəm, fəaliyyətiniz dövründə Avropa Şurası bizim arzularımızı doğruldan quruma çevriləcək", - tədbirdə çıxış edən hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi, millət vəkili Əli Əhmədov bildirib.
Əhmədovum sözlərinə görə, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yeirilməsini daim diqqətdə saxlayır.
"Biz demokratik təsisatların daha da gücləndirilməsi üçün seçdiyimiz yola da sadiqik", - hakim partiya funksioneri əlavə edib.
Onun fikrincə, Azərbaycanın Avropa Şurasının üzvü kimi həm də hüquqları var.
"Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub. Bizim Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa Şurasından müəyyən gözləntilərimiz var. Beynəlxalq səylərə baxmayaraq, indiyədək işğalçı ilə işğala məruz qalanın bir qurumda təmsil olunması da ədalətsizlikdir", - Əhmədov vurğulayıb.
Hakim partiyanın sədr müavini hesab edir ki, Azərbaycanın hüquqlarının bərpasına təminat verilmirsə, bu, Avropa Şurası kimi mötəbər bir qurumun nüfuzuna da xələl gətirir: "İnanırıq, fəaliyyətiniz zamanı bu məsələni diqqətdə saxlayacaqsınız", - o xatırladıb.
"Azərbaycanda bu il Parlament seçkiləri keçiriləcək və istərdik, demokratikləşmə istiqamətində bir çox məsələlərin həllində yardımçı olasınız", - tədbirdə çıxış edən Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa bildirib.
Onun fikrincə, seçki ilə bağlı, ilk növbədə, Mərkəzi Seçki Komissiyasının tam tərkibdə formalaşdırılmasına ehtiyac var.
"Siyasi partiyalar haqqında" yeni qaunu layihəsi də qəbul olunmalıdır. Bundan başqa, "Müxalifətin fəaliyyəti haqqında" qanun layihəsinin qəbulu da zəruridir", - partiya sədri deyib.
Mustafa qeyd edib ki, əgər bu qanun qəbul olunarsa, müxalifətin fəaliyyətinin hüquqi çərçivəyə salınmasına dəstək verəcək: "Biz Avropa Şurasının Bakı ofisinin fəaliyyətindən narazıyıq. Bu qurumun təşkil etdiyi bir çox tədbirlərə partiya təmsilçiləri şəxsi münasibətlərə uyğun olaraq dəvət olunurlar", - millət vəkili bildirib.