Azərbaycan, Baki, 27 aprel /Trend, müxbir A.Hüseynbala/
İsrail Parlamenti qondarma "erməni soyqırımı" ilə bağlı layihəni müzakirəyə çıxarmayacaq. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov bildirib.
"Bu gün İsrail Parlamentinin rəhbərliyi ilə əlaqə saxladım. Bildiriblər ki, qondarma "erməni soyqırımı" ilə bağlı məsələnin Knessetdə müzakirəsi tamamilə gündəlikdən çıxarılıb. İsrail Parlamenti hesab edir ki, bu layihənin müzakirəyə çıxarılması Türkiyə-İsrail münasibətlərinə xələl gətirə bilər", - Abramov deyib.
Trend-in arayışı: Aprelin 28-də İsrail Parlamentində qondarma "erməni soyqırımı" məsələsinin gündəliyə salınmasının müzakirə olunacağı nəzərdə tutulurdu.
Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.