...

Los-Ancelesdə Azərbaycanın milli bayramı - Respublika Günü qeyd edilib (FOTO)

Siyasət Materials 31 May 2010 12:33 (UTC +04:00)
Los-Ancelesdəki nüfuzlu "Recensi" klubunda Azərbaycan Respublikası Günü təntənəli şəkildə bayram edilib.
Los-Ancelesdə Azərbaycanın milli bayramı - Respublika Günü qeyd edilib (FOTO)

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir A.Qasımova/

Los-Ancelesdəki nüfuzlu "Recensi" klubunda Azərbaycan Respublikası Günü təntənəli şəkildə bayram edilib.

Azərbaycanın Baş Konsulluğunun təşkil etdiyi tədbirdə Kaliforniyanın dövlət orqanlarının, ştat ictimaiyyətinin, eləcə də Azərbaycan, türk, yəhudi, gürcü və İran icmalarının 400-ə yaxın nümayəndəsi iştirak edib. Qəbulda  Azərbaycanın və ABŞ-ın dövlət himnləri amerikalı soprano müğənni Demetra Corc-Mustafaoğlunun canlı ifasında səsləndirilib.

Ziyafətin rəsmi hissəsində çıxış edən Los-Anceles dairəsinin şerifi Leroy Baka iştirakçıları bayram münasibətilə təbrik edib və bu yaxınlarda Bakıya səfəri barədə xoş təəssüratlarını bölüşüb. O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişaf templərini və dövlət başçısının uzunmüddətli strategiyasını yüksək qiymətləndirib. Şerif Baka Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə nizamlanacağına, bunun Ermənistanın regional inteqrasiyasına və onun qonşu dövlətlərlə münasibətlərinin normallaşmasına kömək edəcəyinə ümidini ifadə edib. O, həmçinin, münaqişədən əziyyət çəkən müvəqqəti məcburi köçkünlərin yaxın vaxtlarda daimi yaşayış yerlərinə qayıtmasının vacibliyini də qeyd edib.

Los-Anceles şəhər hakimiyyəti adından Şəhər Şurasının prezidenti Cen Perri mer Antonio Vallaraqios və Şuranın tam tərkibi adından Respublika Günü münasibətilə bəyannamə təqdim edib. Öz növbəsində, Los-Anceles dairəsinin protokol xidmətinin rəhbəri Lurdes Saab Dairə Rəhbərləri Şurasının bəyanatını oxuyub. Həmin bəyanatda 2009-cu ildə keçirilən və iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsində mühüm rol oynayan Azərbaycan musiqiçilərinin konsertləri xüsusi qeyd olunub.

Şimali Kaliforniyada keçirilən Monterey şəhərinin meri adından bəyannaməni bunun üçün xüsusi olaraq Los-Ancelesə gəlmiş Şəhər Şurasının üzvü Nensi Selfric təqdim edib.

Söz alan Beverli şəhərinin meri Cimmi Delşad 2008-ci ildə Azərbaycana səfərinin təəssüratlarını qonaqlarla bölüşüb. Kaliforniya qubernatoru Arnold Şvardseneggerdən və digər qərb ştatlarının qubernatorlarından daxil olan rəsmi təbrik məktubları da oxunub.

Ziyafətdə çıxış edən baş konsul Elin Süleymanov qeyd edib ki, Azərbaycan ADR-in təməl prinsipləri olan bərabərlik, tolerantlıq və aşkarlığa sadiq qalır. Daha sonra o, Baş Konsulluq adından fəxri fərmanlar təqdim edib. Onların arasında ABŞ - Azərbaycan münasibətlərinə verdiyi töhfələrə görə mükafatlandırılan Los-Anceles şəhəri protokol ofisinin başçısı Elqa Şarp, Los-Anceles konsulluq korpusunun rəsmisi Vendi Vaqner, yəhudi icma təşkilatlarının fəalları Maykl Tuşin və Robert Met, türk icmasının fəalı Məhmət Mustafaoğlu, AzərTAc-ın ABŞ-dakı xüsusi müxbiri Şəfəq Mehrəliyeva da var.

Verilən yüksək qiymətə görə Baş Konsulluğa minnətdarlığını bildirən Maykl Tuşin deyib: "Hər gün televiziya ilə Yaxın Şərqdə baş verənləri izləyəndə, adamın içindən təəssüf və ümidsizlik hissi keçir. Lakin Azərbaycanda dini və etnik mənşəyindən asılı olmayaraq, bütün insanların tolerant bir cəmiyyətdə yaşadığını görəndə, başa düşürük ki, Yaxın Şərqin gələcəyi Azərbaycan və Türkiyə kimi ölkələrdən başlayır."

Türk icmasının lideri Məhmət Mustafaoğluna Heydər Əliyev Fondunun hazırladığı Qarabağ musiqisi ustalarının əsərləri toplusu təqdim edilib.

Kaliforniyada yaşayan Azərbaycanın xalq artisti Çingiz Sadıqov qısa nitqlə çıxış edib. Maestro bu yaxınlarda Prezident İlham Əliyev tərəfindən Azərbaycan musiqisinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Gecənin musiqi proqramı zamanı məşhur "Şttruns və Fərəh" qrupu, eləcə də Azərbaycanın əməkdar artistləri Namus və Aliyə Zöhrabovlar xalq rəqslərini ifa ediblər. Qəbul qonaqlar üçün rəqs proqramı ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti