Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir M.Əliyev/
İsrailin humanitar karvana silahlı hücumundan sonra Azərbaycan Türkiyənin mövqeyini dəstəkləyib və bu, Azərbaycan dövlətçiliyindən, onun Yaxın Şərqdə və müsəlman dünyasında olan spesifik rolundan irəli gəlir. Bunu çərşənbə günü Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, bəzi ərəb və türkdilli ölkələrin bu hadisə baş verən vaxt susduğu zaman Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat səsləndirib.
İsrail xüsusitəyinatlıları bazar ertəsinə keçən gecə 6 gəmidən ibarət "Azadlıq donanması"nın ələ keçirilməsi üzrə əməliyyat həyata keçirib. Gəmilərdə humanitar yüklə yanaşı, blokada altında olan Fələstin anklavasına gedən 600 hüquq müdafiəçisi olub. Onların əksəriyyəti Türkiyə vətəndaşı olub. Dünyanın KİV-nə görə, əməliyyat zamanı 19 nəfər həlak olub, israillilər isə 10 nəfərin öldüyünü təsdiqləyir.
Yaxın Şərqin gələcəyinə gəldikdə isə Əhmədoğlu deyib ki, Yaxın Şərq bölgəsi ABŞ, Avropa, Rusiya və Çinin maraqları xaricindədir. "Bu fonda İsrail bölgədə lider ölkə kimi görünür. Ancaq Türkiyə baş verən prosesləri öz nəzarəti altına almağa çalışacaq. Bunun üçün isə illər tələb olunacaq", - mərkəzin başçısı deyib.