Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir T.Hacıyev/
Müxalifətin seçkilərdə birləşə bilməməsi, seçkilərdə onun məğlubiyyətinə səbəb olacaq. Bu barədə çərşənbə günü Trend-ə müxalif Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.
"Müxalifətdəki qeyri-müəyyənlik, bir araya gələ bilməmək seçkilərin nəticələrinə mənfi təsir edəcək. Bu da hakimiyyətdən və ya digər kənar qüvvələrdən asılı olan məsələ deyil, birbaşa müxalifətin özündən asılı məsələdir", - Oruc əlavə edib.
Azərbaycanda Parlament seçkilərinin 2010-cu il noyabrın birinci həftəsində keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir. Müxalifət partiyaları müzakirələr aparsa da, namizədlərin vahid siyahı ilə getməsinə dair razılıq əldə edə bilmədilər.
Orucun sözlərinə görə, seçkilərin rəsmi startına iki aydan bir qədər artıq vaxt qalan müddətdə, müxalifətin seçkilərdə iştirak etməsinin forma və məzmunu bəlli olmalı idi, lakin bu sahədə hələ də irəliləyiş yoxdur.
"Mən hesab edirəm, müxalifət liderlərinin indiki durumu seçkilərdə əvvəlcədən iştirak etməmək qənaətinin olmasından irəli gələn bir durumdur. Bu, təəssüf doğuran haldır", - Oruc bildirib.
Partiya sədri bildirib ki, cəmiyyətin aktivləşdirilməsi, seçkilərdə müəyyən uğurlar əldə etmək üçün müxalifətin mütləq birləşməsi, onsuz da böyük olmayan resursların bir araya gətirilməsi çox vacibdir.