...

Azərbaycan əvvəllər də mənim üçün yad ölkə olmayıb; indi isə ikinci vətənimdir – Polşa səfiri (MÜSAHİBƏ)

Siyasət Materials 22 İyun 2010 12:03 (UTC +04:00)
Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski ilə diplomatik missiyanın başa çatması səbəbindən Trend-in müsahibəsi
Azərbaycan əvvəllər də mənim üçün yad ölkə olmayıb; indi isə ikinci vətənimdir – Polşa səfiri (MÜSAHİBƏ)

Аzərbaycan, Bakı, 22 iyun /Trend, müxbir S.Ağayeva/

Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski ilə diplomatik missiyanın başa çatması səbəbindən Trend-in müsahibəsi

- Cənab səfir, tezliklə Azərbaycanda sizin diplomatik missiyanız başa çatacaq. Bura təyin olunana qədər ölkəmiz haqqında nə bilirdiniz?

- Hər zaman Cənubi Qafqazla maraqlanmışam və Azərbaycan mənim üçün yad ölkə olmayıb. Mən 19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərində Polşa memarlarının Azərbaycandakı fəaliyyəti, neftçilərimizin sizin ölkədəki işləri, Azərbaycanda nadir palçıq vulkanlarının olması kimi məlumatlara malik idim.

Bunların hamısı maraqlı idi. Həmçinin, ölkənin sürətlə inkişaf etməsi və burada çoxlu enerji ehtiyatlarının olması barədə də bilirdim.

Azərbaycana gəlişimə qədər burada çox mehriban insanların yaşadıqları barədə də məlumatım var idi. Belə ki, onlar sovet dönəmində Polşaya dəfələrlə gəliblər. Azərbaycanda, həmçinin, Polşa diasporu var. Beləliklə, Azərbaycan haqqında təəssüratlarım yalnız müsbət istiqamətdə idi. Bura mənim səfir kimi gəlmək istədiyim ölkə idi. Buna görə də belə bir qərar veriləndə, buna çox şad oldum.

- Bu ölkədə, təxminən, beşillik fəaliyyətiniz dövründə Azərbaycan sizin üçün nə ilə yadda qaldı?

- Beş il - bu, insan həyatı üçün az vaxt deyil. Mənim və ailəm üçün, eləcə də buraya gələndə yaşları 13 və 4 olan oğlum, qızım üçün Azərbaycan ikinci vətən hesab olunur. Mən bunu bir diplomat kimi yox, tam səmimi-qəlbdən deyirəm.

Ölkəniz çox gözəldir. Bu günlərdə Xınalıq, Lahıca getmişdim; ölkənin qərb hissəsində - Samux, Gəncə, Şəki; şimal hissəsində - Nabranda; cənub hissəsində - Lənkəranda oldum, hər  yerdə mehriban insanlar, maraqlı mədəniyyət və ecazkar təbiət.

Mənim üçün Azərbaycan mehriban və səmimi insanlar ölkəsidir. Azərbaycanda beşillik fəaliyyətim dövründə bu ölkənin vətəndaşları ilə əlaqədə heç bir problemim olmayıb. Mənim və ailəmin həmişə sizin ölkəyə rəğbəti olub.

Oğlum üçün Bakı - doğma şəhərdir.O, Bakını Varşavadan daha yaxşı tanıyır. Mən bunu fəxarət hissi ilə deyirəm. Onun burada çoxlu dostu var.

Hətta bu gün səhər mən ondan soruşdum: "Sən bazar günü vətənə qayıdırsan; mənə de görüm, hansı hissləri keçirirsən? O isə cavab verdi ki, "Bilirəm, getməliyəm, tezliklə ali məktəbə imtahanlarım başlayacaq, amma heç getmək istəmirəm".

- Diplomatlarla danışmaq çox çətin məsələdir, çünki hətta adi söhbət zamanı belə onlar diplomat olaraq qalırlar. Lakin mən cəsarət edib soruşacağam: bizim ölkədə nə xoşunuz gəlir, nə gəlmir?

- Mən sizə Azərbaycanda nələrin xoşuma gəldiyini deyim. Siz azərbaycanlılar həyatdan zövq almağı bacarırsınız. Siz tələsmirsiniz. Əgər nahar edirsinizə, yalnız yemək yemirsiniz; o qidadan həm də zövq alırsınız; və yaxud da çay içəndə. Biz Şimal insanlarıyıq, bir az fərqliyik, hər zaman tələsirik. Həmişə zarafatla deyirəm: biz Şimal adamları həmişə tələsirik, çünki bizdə hava soyuqdur və tez-tez yeməyə çalışırıq ki, isinək. Burada isə hər zaman günəş, istilik var və insanlar heç yerə tələsmirlər. Sizin bayramları öz ailənizlə, dostlarınızla keçirməyiniz xoşuma gəlir.

Bax, indi yay gəlib. İnsanların axşamüstü Bakının Milli Parkında tələsmədən gəzişmələri məni heyran edir.

Mənim şəhərim Bakının gündən-günə gözəlləşməsi xüsusi zövq verir. Bu şəhərin necə inkişaf etdiyinin şahidiyəm; yeni gözəl binalar tikilir, köhnələri isə bərpa olunur.

Bu da Azərbaycan iqtisadiyyatının inkişafının sübutudur. Mənim Polşadan olan qonaqlarımı həmişə bu şəhər heyran edir.

Mənin nə xoşuma gəlmir... Bakıda piyadalar üçün xüsusi qaydalar olmasına baxmayaraq, onların bəziləri küçəni keçərkən bu qaydalara riayət etmirlər. Bu məni təəccübləndirir.

Bütün sürücülərə arzu edirəm ki, onlar yolda çox diqqətli olsunlar.

- Bəs sizdə səfirliyin konsul şöbəsinə viza üçün müraciət edənlərin neçə faizinin turist olduğu barədə statistik məlumat varmı?

- Əsas etibarilə, Polşaya səyahət edən azərbaycanlıların çoxu turistlərdir. İndi yaydır və səfirliyin konsul şöbəsinə Polşaya getmək üçün çoxlu ərizə gəlib.

Biz bu məsələni yaxınlarda Azərbaycanın Polşada yeni səfiri Həsən Həsənovla müzakirə edərək, belə nəticəyə gəlmişik ki, Bakı - Varşava - Bakı birbaşa reyslərini yaratmaq heç də pis olmazdı. İqtisadi cəhətdən bu çox əlverişli olardı. Əlbəttə ki, bu məsələni aviaşirkətlər həll etməlidirlər.

Azərbaycanın turizmlə bağlı çox gözəl gələcəyi var. Avropalılar artıq Yunanıstan, Misir, Türkiyə haqqında kifayət qədər məlumata malikdirlər və bu ölkələrdə dəfələrlə olublar; indi isə biz Azərbaycan, Gürcüstan kimi ölkələrlə maraqlanırıq. Əgər birbaşa reyslər olarsa, turist axını çoxalacaq.

- Bəs Azərbaycan mətbəxi necə, xoşunuza gəlirmi?

- Mənim Azərbaycan mətbəxi, xüsusilə də, dolma, sacda balıq, kabab xoşuma gəlir; sizdə, əsasən, qoyun ətindən kababa üstünlük verirlər, amma mənim ən çox toyuq kababı xoşuma gəlir.

Şəki paxlavası xüsusilə xoşuma gəlir.

Və əlbəttə ki, armudu stəkanda Azərbaycan çayı.

Rəhmətlik prezident Lex Kaçinski də Azərbaycan çayını sevirdi. O, hər dəfə Azərbaycana gələndə, ona Azərbaycan çayı verilməsini xahiş edirdi. Yeri gəlmişkən o, Azərbaycanda beş dəfə olub. Çay sizin həyatınızın, mədəniyyətinizin bir hissəsidir.

Azərbaycanda, həmçinin, çox ləzzətli meyvələr və tərəvəzlər yetişir. Polyaklar Azərbaycana gələndə, biz həmişə bu dadlı meyvələrdən dadmağı onlara tövsiyə edirik.

Ümumiyyətlə, azərbaycanlılar və polşalılar bir-birlərini çox gözəl başa düşürlər. Ölkələrimiz arasında münasibətlər hər zaman çox yaxşı olub. Polşa Prezidenti Lex Kaçinski beş dəfə Azərbaycanda səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə Polşaya səfər edib. Polşa Parlamentinin spikeri burada iki dəfə səfərdə olub; həmçinin, iki ölkənin xarici işlər nazirləri, müxtəlif nazirliklərin nümayəndələri daimi olaraq səfərlər edirlər. Bu, ölkələrimiz arasında münasibətlərin, əlaqələrin möhkəm olduğundan xəbər verir.

Mən gələcəkdə bu gözəl ölkəyə dəfələrlə səyahət etməyi planlaşdırıram.

- Siz öz karyeranızı harada davam etdirəcəksiniz? Davamçınız haqqında məlumatınız varmı?

- Öz fəaliyyətimi Polşanın Xarici İşlər Nazirliyində davam etdirəcəyəm.

Tezliklə davamçım Bakıya gələcək; o artıq Azərbaycan tərəfdən aqreman alıb.Yeni səfir yaxşı diplomatdır; o, bir neçə dəfə müxtəlif nümayəndə heyətlərinin tərkibində Azərbaycana səfər edib və indi rəsmi olaraq təyinatını gözləyir.

Xəbər lenti

Xəbər lenti