Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir S.Ağayeva/
Yunanıstan hökuməti fors-major vəziyyətlər yarandıqda azərbaycanlı turistlərin bütün xərclərinin ödənilməsinə zəmanət verir.
"Yunanıstanın Mədəniyyət və Turizm Nazirliyi ölkədə keçirilən tətillərlə və ya təbii fəlakətlərlə bağlı evlərinə vaxtında dönə bilməyən turistlərə təzminat ödəməyə hazırdır", - çərşənbə günü Trend-ə Yunanıstanın Azərbaycandakı səfir Yoannis Metaksas deyib.
Hökumət bu səbəblərlə əlaqədar ölkədə "ilişib" qalan istənilən turistin otellərə və aviauçuşlara xərclədiyi vəsaiti ödəməyə görə öz üzərinə öhdəlik götürür.
Hökumətin belə qərarı Yunanıstanın turizm ölkəsi kimi imicinin yaxşılaşdırılmasına istiqamətlənib.
Yunanıstanda aeroport və yol xidmətləri işçilərinin tətil və etiraz aksiyaları indiyədək davam edir. Lakin onların sayı xeyli azalıb.
Diplomatın sözlərinə görə, iqtisadi vəziyyətə baxmayaraq, Yunanıstanda turizm sahəsi çox ziyan çəkməyib.
Yunanıstanın Azərbaycandakı səfirliyinin vətəndaşlara onların iştirakı olmadan viza vermək ixtiyarı var.
"Yunanıstan azərbaycanlı turistlərin yüksək tələblərini bilərək, onlara ən yaxşı otellərin yerləşdiyi və yüksək keyfiyyətin olduğu Krit adasında istirahət təqdim edir", - o qeyd edib.
Qədim tarixi və mədəniyyət mərkəzi Afinaya səfər isə paytaxta səfər edən azərbaycanlı turistlərdə gözəl təəssürat oyadacaq. Diplomat buna əmindir.