...

Azərbaycanda sürücülərin sükan arxasında mobil telefondan istifadəsinin yol-nəqliyyat hadisələrinə təsiri böyükdür - Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov (MÜSAHİBƏ)

Siyasət Materials 2 İyul 2010 18:46 (UTC +04:00)
Azərbaycanda sürücülərin sükan arxasında mobil telefondan istifadəsinin yol-nəqliyyat hadisələrinə təsiri böyükdür
Azərbaycanda sürücülərin sükan arxasında mobil telefondan istifadəsinin yol-nəqliyyat hadisələrinə təsiri böyükdür - Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir E.Hüseynli/

Polis günü münasibətilə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun Trend-ə eksklüziv müsahibəsi

- İlk növbədə, Sizi Polis günü münasibətilə təbrik edirik və bu, çətin, lakin şərəfli yolda uğurlar arzulayırıq. Azərbaycanın müstəqilliyi dövründə dövlət yol polisi hansı uğurları əldə edib?

- Mən də ilk növbədə bütün polis strukturlarında çalışan insanları təbrik edirəm. Azərbaycan yol polisi Daxili İşlər Nazirliyinin tərkib hissəsidir. Hörmətli nazirimizin bütün xidmət sahələri qarşısında qoyduğu tələblər və həmçinin yol polisi xidmətinin qarşısında duran vəzifələrin layiqincə yerinə yetirilməsinə diqqət yetirmişik və çalışmışıq ki, yol polisi insanların təhlükəsiz hərəkətinin, mənzil başına sağ-salamat çatmasının, yol hərəkəti qaydalarına riayət olunmasının təmin edilməsinin bir vəzifə olaraq öhdəsindən gəlsinlər. Müəyyən qədər bu işin öhdəsindən gəlmişik, müəyyən qədər çətinliklərimiz olub. Amma yol polisinin keçdiyi yol həm şərəfli, həm də mürəkkəb olub. Ən vacibi odur ki, Azərbaycan yol polisi keçdiyi yolda onun hüquqi bazasının möhkəmlənməsində, maddi-texniki təchizatının yaxşılaşdırılmasında, onun dünya polis sisteminə inteqrasiyasına çox böyük uğurlu addımlar atıb. Möhtərəm Prezident özü yol polisinin hüquqi bazasının, həmçinin maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində olduqca böyük köməklik göstərib, dövlət proqramları qəbul edilib. Prezidentin sayəsində yol polisinin maddi-texniki təchizatı ən müasir kompüterlərlə təchiz olunub. "Yol hərəkəti haqqında" beynəlxalq normalara cavab verən qanun qəbul olunub. Bir neçə konvensiyanın üzvü olmuşuq. Bu xidmət sahəsinə dövlət başçısı tərəfindən ayrılan diqqət tam zəmin yaradıb ki, hər bir polis xidmətdə öz bacarığını göstərsin və Vətəninə, xalqına layiqli xidmət edə bilsin. Keçdiyimiz bu tarixi yol, əlbəttə ki, bu gün ölkəyə gələn qonaqları da sevindirir. Mən deyərdim ki, MDB məkanında heç bir dövlətdə bizim xidmət qədər müasir avadanlıqlarla təchiz edilmiş yol polisi xidməti yoxdur. Əlbəttə ki, keçdiyimiz yol uzundur. Bu barədə daha çox danışmaq olar. Yol polisi həmişə çalışıb ki, yol qəzalarının qarşısının alınmasına daha çox önəm versin və hadisələr az olsun. Mən fərəhlə deyə bilərəm ki, buna müəyyən qədər nail olmuşuq. Bu gün milyona yaxın nəqliyyat vasitəsinin olduğu bir dövrdə baş verən yol nəqliyyat hadisələri və onun nəticəsində ölən və yaralananların sayı 90-cı illərlə müqayisədə aşağıdır. Həmçinin şəxsi heyətin sayı da o dövrlə müqayisədə azdır.

- Azərbaycanda "Yol hərəkəti haqqında" qanuna əlavə və dəyişikliklər edildi. Bu dəyişikliklər hansı zərurətdən yarandı və yol hərəkəti pozuntularının qarşısının alınmasında hansı təsiri göstərəcək?

- "Yol hərəkəti haqqında" qanun 1998-ci ildə qəbul edilib. Birinci, bu qanuna korrektə xarakterli dəyişikliklərin edilməsinə zərurət var idi. İkincisi, bu qanunda müəyyən məsələlərin yenidən baxılmasına zərurət var idi. Həmçinin müəyyən qayda pozuntuları üzrə cəzaların sərtləşdirilməsinə də ehtiyac var idi. Dəyişikliklərin hamısını təhlil etmək çox vaxt aparar. Ancaq qısa bir təhlilin nəticəsini sizə demək istərdim. Yol nəqliyyat hadisələrinin çox hissəsi sürücülərin sükan arxasında diqqətsizliyi səbəbindən baş verir. Qəzalara ən çox səbəb telefon danışıqlarıdır. İstər nömrə yığanda, istərsə də telefonla danşanda diqqət yayınır. Sükan arxasında olanlar bunu daha yaxşı dərk edirlər. Kənardan ola bilsin ki, bu, o qədər də görünmür. Sürücü telefonla danışa-danışa hansısa yol qəzası törədir. Bu pozuntuya görə cəzanın sərtləşməsinə ehtiyac var idi. Azərbaycanda sürücülərin sükan arxasında mobil telefondan istifadəsinin yol-nəqliyyat hadisələrinə təsiri böyükdür. Çox düzgün olaraq Milli Məclis bu qərarı qəbul etdi və həmin qayda pozuntusuna görə cərimənin miqdarı 50 manat müəyyən olundu. Bu, son hədd deyil. Zərurət ondan yaranır ki, cəzaların sərtləşdirilməsinə ümumiyyətlə ehtiyac var. Bəzən bəzi insanlar cəzanın sərtləşdirilməsi ilə insanların əməkhaqqında bir uyğunluq axtarırlar. Bu, düzgün yanaşma deyil. Məsələn, kimsə cinayət məsuliyyətinə cəlb olunanda, ona cəza tutduğu mövqe və ya əməkhaqqına görə tətbiq edilmir ki? Bu, konkret əmələ görə verilən qiymətdir. Əgər bu cəzalar sərtləşməsə, qayda pozuntuları olduqca artar. Bu qayda pozuntularının olmaması üçün cəzaların sərtləşdirilməsinə ehtiyac var. Belə yanaşma olmamalıdır ki, cəza yüngüldürsə, onu poza bilərəm, ağırdısa poza bilmərəm. Bu ictmai qaydalardır və buna hər bir kəs riayət etməlidir. Hər kəsin konstitusion hüququ var, sakitlik istəyir. Sürücü isə yolla gedəndə lüzumsuz siqnal verir, insanın rahatlığını pozur. Bu, yolverilməz haldır. Ona görə də bu normalar müəyyənləşdirilir ki, ümumi ictimaiyyətə, xalqa xidmət etsin. Təəssüflər olsun ki, bizim bəzi sürücülərimiz belə xırda ehtiraslarla, xırda hərəkətlərlə bunu özlərinə fəxr kimi qəbul edirlər. Məsələn, maşının qabaq hissəsini qaldırmaq, güclü səs siqnalları qoymaq, küçədə hərəkət edərkən radio və maqnitofona yüksək səs vermək. Bunlar kənardan çox bayağı görünür. Bu, insanların dünyagörüşü haqqında ətrafdakılara məlumat verir, onlar haqqında pis fikir formalaşır. Hər birimiz cəmiyyətin sağlamlaşmasına, vətəndaşlarımızın hər birinin dünyagörüşünün formalaşmasına, sivil qanunlara uyğunlaşmasına çalışmalıyıq. Çalışmalıyıq ki, Azərbaycana gələn hər bir qonaq, yaşayan hər bir sakin sürücülük mədəniyyətinin, insanların bir-birinə qayğı və diqqətinin şahidi olsun.

Cənab general, bu baxımdan sürücülərin şüurunda dəyişiklik etmək üçün cəzaların sərtləşdirilməsi ilə yanaşı, maarifləndirmə işlərinin görülməsi də vacibdir. Bu istiqamətdə dövlət yol polisi hansı profilaktik tədbirlər görür?

- Bu sahədə bizə kömək edən hər bir jurnalistə, mətbuat işçisinə təşəkkür edirəm. Sizin bu barədə danışmağınız özü bizə köməkdir. Əhalinin düzgün maarifləndirilməsinə böyük ehtiyac var. Yol polisinin telekanallarda mütəmadi verilişləri gedir. Elə gün olmaz ki, yol polisi haqqında, yol polisinin hər hansı maarifləndirici məlumatı verilməsin. Bu, vacibdir və maarifləndirmə işinin artırılmasına ehtiyac var. Çünki insanların maarifləndirilməsi vacib məsələdir. Cənab nazirin tapşırığı ilə dövlət yol polisi hazırda Təhsil Nazirliyinə də müraciət edib. Orta məktəblərdə və tədris müəssisələrində yol hərəkəti qaydalarının tədrisi məsələsinə baxılır. Biz istəyirik ki, bunun tədrisi ilə bağlı əhalinin daha çox məlumatlandırılması, dərs kimi keçirilməsini təmin edək. Bununla bağlı biz yol polisi olaraq bir neçə dərslik də hazırlamışıq. Dərslik Gürcüstanda yaşayan azərbaycanlılara da pulsuz paylanılır. Bir çox məktəblərə ibtidai siniflər, 4-cü, 5-ci siniflər üçün dərs vəsaiti hazırlayıb göndərmişik. Mütəmadi olaraq maarifləndirmə işinə yeniliklər gətriməyə çağırırıq. Televiziya kanallarında bizim videoçarxlar mütəmadi gedir. Təbliğat bizim işimizin ən zəruri, ən aparıcı bir sahəsidir.

- Bu il "Ekologiya ili"dir. 2010-cu il iyulun 1-dən Avropa standartlarına cavab verməyən avtomobillərin Azərbaycana idxalına qadağa qoyulub. Avtomobillərin texniki baxışdan keçirilməsi qaydalarında dəyişiklikləri gözləmək olarmı? Ümumiyyətlə, bu istiqamətdə Sizin rəhbəri olduğunuz qurum hansı tədbirləri həyata keçirəcək?

- Ümumiyyətlə, nəqliyyat vasitələrinin texniki sazlığı çox önəmli bir məsələdir. Təəssüflər olsun ki, bəzən sürücülərimiz 30-40 il istifadə etdiyi nəqliyyat vasitəsindən əl çəkmək istəmir. Bunu bir növ müqəddəsləşdirirlər. Amma hər birimiz nəqliyyat vasitəsini həyatmıza, ailəmizə xidmət edən bir vasitə kimi tanımalıyıq. Bu, bizə qulluq edən bir vasitədir. Nəqliyyat vasitəsinin özünün də istismar müddəti var. Ən möhkəm hesab etdiyimiz dəmirlərin də aşılanma imkanları var. Bunun ömrü var və ondan artıq istifadə etmək olmaz. Ona görə də nəqliyyat vasitəsinin texniki sazlığına əmin olmayan sürücü sükan arxasında oturursa, ailəsini, uşaqlarını oraya toplayırsa, bir şeyi fikirləşməlidir ki, öz həyatı ilə, əzizlərinin həyatı ilə risk edir. Bu, yolverilməzdir. Ona görə də hər bir kəs nəqliyyat vasitəsinə minməmiş onun texniki sazlığına əmin olmalıdır və ondan sonra nəqliyyat vasitəsini idarə edə bilər. Nəqliyyat vasitəsi texniki cəhətdən saz olmalıdır. Bunu nəzərə alaraq mövcud qanunvericilikdə normalar müəyyənləşdirilib. Nəqliyyat vasitələrindən havaya atılan zəhərli maddələrin miqdarına normalar qoyulub. Bu gün biz dünya standartlarına cavab verən həmin normaların tətbiqinə başlayırıq. Yəni Avro-2 standartlarına cavab verməyən nəqliyyat vasitələrinin respublikaya gətirilməsinin qarşısı alınıb. Həmçinin tədricən istismar olunan nəqliyyat vasitələrinin texniki sazlığına diqqət artırılıb. Bunun tətbiqi üçün cənab nazirin tapşırığı ilə neçə illərdir həm rayonlarda, həm də mərkəzdə texniki baxışın keyfiyyətli keçirilməsi və baxış keçirilən məntəqələrin texniki avadanlıqlarla təchizinə diqqət, önəm artırılıb. Bizdə Müayinə Mərkəzi Almaniyanın müasir avadanlıqları ilə təchiz olunub. Daxili İşlər Nazirliyinin böyük avtomobil təsərrüfatı var. Bu il texniki baxışı həm də orada keçirilməsini qarşıya qoymuşuq. Bu məsələyə diqqətin artırılması baxımından havaya atılan zəhərli maddələrin normadan artıq olmasının qarşısının alınması məqsədilə, həmçinin cənab Prezidentin 2010-cu ili "Ekologiya ili" elan etməsi, ümumiyyətlə bu sahəyə diqqətin artırılması barədə verdiyi tapşırığa müvafiq olaraq biz çalışırıq ki, nəqliyyat vasitələrinin texniki sazlığına daha çox önəm verək. Həmçinin bizdə böyük bir diaqnostik mərkəzin tikilməsinə başlanılıb. Bakı şəhərində 500 mindən artıq nəqliyyat vasitələsinin texniki baxışdan keçməsinə şərait yarada bilən ən müasir texniki baxış üçün Müayinə Mərkəz tikilir. Yerlərdə də buna önəm veririk və bu çox vacib məsələdir. Belə hesab edirəm ki, hər bir şəxs özü, ailəsi üçün, insanların sağlamlığı üçün bu məsələyə önəm verməlidir.

- Bakıda təhlükəsizliyin təminatı üçün yeni kameralar quraşdırılır. Bu kameraların funksiyası nədən ibarətdir və yol hərəkəti qaydalarının pozuntusunun qarşısının alınması istiqamətində nə kimi təsiri olacaq?

- Biz elmi-texniki tərəqqinin imkanlarından istifadə etməliyik. Heç kimə sirr deyil ki, cənab Prezident bu məsələni diqqət mərkəzində saxlayır və lazımi köməkliklər göstərir. Maliyyə vəsaitinin ayrılması barədə göstəriş verib ki, texnikanın imkanlarından istifadə olunsun. Daxili İşlər Nazirliyi təhlükəsiz şəhər proqramı hazırlayıb və bunun tətbiqinə başlanıb. Bakı şəhərinin 103 yolayrıcında nəzarət mexanizminin qurulması, görüntülərin alınması və qayda pozan sürücülərin aşkar olunması istiqamətində artıq üç ildir sistem fəaliyyət göstərir. Bu texniki vasitələrin tətbiqi yol hərəkəti qaydalarına nəzarət etmək, qayda pozan sürücüləri aşkar etmək və onların cəzalandırılmasını təmin etmək baxımından bizə çox kömək edir. Bu texniki vasitələr tək sürücülərin yol hərəkəti qaydalarını pozmasının qarşısının alınması deyil, həmçinin baş verən cinayət hadisələrinin fiksasiya olunması, bunların açılmasına çox kömək edir. Bu sahədə çox böyük işlər gedir və elə hesab edirəm ki, bəzən sürücülərin də aralarında yol hərəkəti pozuntuları ilə bağlı yaranan mübahisələrin həllində bu, bizə çox yardımçı olur. Həmçinin axtarışda olan nəqliyyat vasitələri, cinayətkar qrupların və s. aşkarlanmasında, tutulmasında çox böyük önəmi olur. Kameraların quraşdırılması müasirlikdr. Biz bunu tətbiq edirik və etməliyik. Günü-gündən inkişaf etdirməliyik. Bu kameralar yol hərəkətinin tənzimlənməsinə xidmət edir. Həmçinin bizdə "yaşıl dalğa" deyilən sistem var. Biz avtomatik olaraq bir mərkəzdən onu idarə edir, "yaşıl zolaq" yaradırıq ki, nəqliyyat vasitələri tez bir zamanda üstünlüyə malik olan yerlərlə hərəkət etsin ki, tıxacların qarşısı alınsın.

Xəbər lenti

Xəbər lenti