...

Azərbaycanla Gürcüstan arasında heç bir problem yoxdur - Prezident Mixeil Saakaşvili (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 18 İyul 2010 23:01 (UTC +04:00)
Azərbaycan və Gürcüstan iki ölkənin ərazisindən keçərək Asiyadan Avropaya aparan nəqliyyat dəhlizinin inkişafı üzrə işçi qrupunu yaradacaqlar. Bunu bazar günü Batumidə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən sonra birgə mətbuat konfrasında Gürcüstan Prezidenti Mixeil Saakaşvili deyib.
Azərbaycanla Gürcüstan arasında heç bir problem yoxdur - Prezident Mixeil Saakaşvili (ƏLAVƏ OLUNUB)

Azərbaycanla Gürcüstan arasında heç bir problem yoxdur. Bunu bazar günü Batumidə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən sonra birgə mətbuat konfrasında Gürcüstan Prezidenti Mixeil Saakaşvili deyib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Biz Azərbaycanın dövlət başçısını, qardaşımızı burada salamlamaq istəyirik. Bizim qurduğumuz uzunmüddətli əməkdaşlıq artıq Bakı və Batumi şəhərləri arasında da öz müsbət nəticəsini büruzə vermişdir. Bildiyiniz kimi, Bakıdan gəlmiş iş adamları Batumidə işləyir və eyni zamanda, Batuminin iş adamları Bakıda fəaliyyət göstərirlər. Batumi limanından çıxan gəmilər artıq yola düşmüşlər. Bu da Bakı ilə Tbilisi arasındakı əməkdaşlığın nəticəsidir. Bütün bunlar bizim qarşıya qoyduğumuz ümumi əməkdaşlıq proqramının bir hissəsidir. Hazırda Bakıda çox müsbət dəyişikliklər baş verir və biz bu dəyişiklikləri görməkdən çox şadıq. Eyni zamanda, Batumidə də inkişaf prosesləri gedir. Çalışırıq ki, biz də hər bir sahədə inkişafa nail olaq. Bu gün biz danışıqlar apardıq və Batumidə Azərbaycan Dövlət Neft Şirkətinin ofisini açacağıq. Bu açılış tarixi bir binada baş verəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin razılığı ilə biz bu məqsədlə lazımi infrastruktur yaratmışıq və Batumidə bu ofisin uğurla fəaliyyət göstərəcəyinə tam əminik. Cənab Prezident, biz Sizin bu səfərinizdən çox məmnunuq, məhz bu münasibətlə Sizə öz təbriklərimizi çatdırırıq" - Mixeil Saakaşvili deyib.

Onun sözlərinə görə, Azərbaycanla Gürcüstanın dostluğu uzunmüddətli bir dostluqdur, böyük tarixi vardır və bir çox sınaqlardan keçmişdir.

"Bizim dostluğumuz uzunmüddətli bir dostluqdur, böyük tarixi vardır və bir çox sınaqlardan keçmişdir. Gürcüstan heç zaman yaddan çıxarmayacaq ki, enerji infrastrukturumuz partladılanda, gürcü xalqı qışın soyuğunda çətin şəraitdə qalanda Azərbaycan bizim ehtiyaclarımızı təmin etmək üçün köməyə gəldi. Mən tam əminəm ki, Gürcüstan xalqı Azərbaycanın bu yardımını heç vaxt yaddan çıxarmayacaqdır. Biz bu yardımı heç vaxt unutmayacağıq. Çünki, bu kömək Gürcüstanın tarixində ən ağır bir vaxtda göstərilmişdir. O vaxt Azərbaycan çox mühüm bir qərarı qəbul etdi və həmin ağır vaxtlarda Gürcüstanın köməyinə gəldi. Bu, təkcə strateji tərəfdaşlığın nəticəsi deyil, bu, qardaşlıq rəmzidir. Hətta biz konfederativ münasibətlər qurmuşuq. Bizim münasibətlərimiz normal münasibətlər çərçivəsindən daha genişdir. Tam əminik ki, biz bundan sonra da bir-birimizə yardım göstərəcəyik. Azərbaycan üçün hər hansı bir ağır məsələ, Gürcüstan üçün də ağır məsələdir və eyni zamanda, Gürcüstan üçün olan ağır məsələ, həmçinin Azərbaycan üçün ağır məsələdir", - Gürcüstan Prezidenti deyib.

Mixeil Saakaşvilinin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolunun tam istismara verilməsi mütləqdir.

"Bu gün biz eyni zamanda, xüsusi vurğuladıq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tam istismara verilməsi mütləqdir. Hesab edirik ki, Azərbaycanın da müvafiq qurumu - Dövlət Dəmir Yolu idarəsi bu işdə iştirak edə bilər. Eyni zamanda, biz qeyd etdik ki, Gürcüstanın təbii qaza olan tələbatının 70 faizi məhz Azərbaycan qazı hesabına təmin edilir. Bilirsiniz ki, sovet vaxtından qalmış avtomobil yolları da bundan sonra təmir ediləcəkdir. Beləliklə, biz bütün daşınma yollarını lazımi formaya gətirəcəyik ki, Çindən gələn yolun mümkün qədər qısa məsafədən - Azərbaycandan və Gürcüstandan keçərək Avropaya çıxışını təmin edək. Bütün bunlar sıx münasibətlər nəticəsində mümkün olmuşdur. Ölkələrimiz aramızda heç bir problem yoxdur. Bizim münasibətlərimiz son illər ən yüksək səviyyəyə çatmışdır və biz bunu davam etdirməliyik. Təbii ki, bu münasibətlərin əsasını məhz Heydər Əliyev qoymuşdur. Biz bütün səylərimizlə çalışacağıq ki, əsrlər boyu xalqlarımızı bir-birinə bağlayan münasibətlər bundan sonra da inkişaf etsin. Heydər Əliyevin strateji baxışları nəticəsində bu münasibətlər daha da möhkəmlənmiş və İlham Əliyevin böyük səyləri sayəsində isə daha da güclənmişdir. Biz tam əminik ki, bu əlaqələr, bu münasibətlər daha da inkişaf edəcək, regionumuzda sabitliyə xidmət göstərəcəkdir", - Prezident Mixeil Saakaşvili bildirib.

"Rustavi-2" televiziya kanalının müxbirinin sulanına cavab verərkən, Prezident Prezident Mixeil Saakaşvili 2012-ci ildə Bakıdan Batumiyə olan avtomobil yolu layihəsinin həyata keçirilməsi nəzərdə tutulduğunu bildirib.

"Biz burada nəqliyyat dəhlizinin inkişafına zəmin yaradacaq dəmir yolu haqqında danışdıq və bildirdik ki, Çindən başlayıb Mərkəzi Asiyadan keçməklə Avropaya çıxışı daha da yaxşı şəkildə təmin edə bilərik. Biz burada əlaqələndirmə məsələsini qaldırdıq. Bütün bunların hamısı iqtisadiyyatımızın inkişafına, ölkələrimizə sərmayələrin qoyulmasına xidmət edəcəkdir.
Biz dəmir yolu xətti layihəsinin həyata keçirilməsində birgə işləyirik. Bu, çox böyük layihədir. Bu dəmir yolu bizim ölkələrin ərazisindən keçməklə Çindən Londona qədər uzana bilər. Bu, hətta Transsibir magistral xəttindən də uzun bir xətt ola bilər. Biz bunu həyata keçirəcəyik.
Eyni zamanda, 2012-ci ildə Bakıdan Batumiyə olan avtomobil yolu layihəsinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu, Azərbaycandan Gürcüstan sərhədinə qədər dördzolaqlı avtomagistral yol olacaq və bundan sonra da davam edəcəkdir. Bu o deməkdir ki, Tbilisinin yanında yerləşən Rustavi şəhərindən çıxış daha da asanlaşacaqdır. Bu şəhərdən o şəhərə getmək üçün sadəcə 18 dəqiqə lazım olacaqdır. Bu avtomobil yolu ilə Azərbaycan sərhədinə çıxış daha da asanlaşacaq, hətta bu yoldan istifadə etməklə İstanbula da getmək mümkün olacaqdır. Bu avtomobil yolunun inşası nəticəsində dincəlmək, istirahət məqsədilə Batumiyə gələn azərbaycanlıların sayı da artacaqdır.
Azərbaycan şirkətlərindən biri Batumi şəhərində yüksək keyfiyyətli mehmanxana tikməyi qərara almışdır. Bu o deməkdir ki, mehmanxananın tikintisi zamanı yerli vətəndaşlarımızın bir çoxu işlə təmin olunacaq, eyni zamanda, şəhərimiz daha da gözəlləşəcəkdir. Yəni şəhərimizin gözəlləşdirilməsində bizim qonşularımız da iştirak edəcəklər.
Təbii ki, bu əməkdaşlığın əsası 1993-cü ildən sonra qoyulmuşdur. Mən Azərbaycanda gedən sürətli inkişafı və müsbət dəyişiklikləri xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan get-gedə çox mühüm regional mərkəzə çevrilir. Bu da özlüyündə çox vacib bir amildir. Nəinki Qafqaz regionu, həmçinin Avropa üçün də Azərbaycanın əhəmiyyəti gündən-günə artır. Azərbaycanın dünyada nüfuzu artır. Son illər Azərbaycan dövlətinin başçısının uzaqgörən siyasəti nəticəsində bu ölkənin nüfuzu artmış, eyni zamanda Azərbaycanda bütün sahələrdə irəliyə doğru mühüm addımlar atılmışdır. Bütün bunlar bu ölkənin iqtisadiyyatının daha da şaxələndirilməsinə, inkişafına xidmət göstərmişdir. Biz Azərbaycandakı bu uğurları görürük və bu dəyişiklikləri müşahidə edirik. Bütün bunları əldə etmək o qədər də asan deyildir. Hamı bunu başa düşür ki, Azərbaycan çox mühüm strateji rola malikdir. Biz fərəh hissi keçiririk ki, Azərbaycan artıq qüdrətli bir ölkədir, onun nüfuzu get-gedə daha da artır", - Saakaşvili deyib.

Həmçinin, Azərbaycan televiziyasının müxbirinin sulanına cavab verərkən, Mixeil Saakaşvili qeyd edib ki, ARDNŞ-in Gürcüstandakı fəaliyyəti, Gürcü limanlarında apardığı işlər çox vacibdir.

"Bizim üçün ən ağır vaxtlarda Azərbaycanın göstərdiyi yardım həlledici idi. Bu, yalnız yardım deyildi, bu, çox uğurlu bir yardım idi. Bu, bizim ikitərəfli əməkdaşlığımızı gücləndirdi. ARDNŞ-in Gürcüstandakı fəaliyyəti, bizim limanlarımızda apardığı işlər çox vacibdir. Dəmir yolu layihəsi də bizim üçün çox mühümdür. Bütün bunlar Azərbaycan şirkətləri ilə birgə həyata keçirilən məsələlərdir. Bildiyiniz kimi, burada turizm infrastrukturunda da Azərbaycan şirkəti işləyir. Bu da bizim üçün vacibdir. Bütün bunlar təkcə siyasi səviyyədə deyil, ayrı-ayrı insanlar, fərdlər arasında əlaqələrin, eyni zamanda, humanitar sahədə bizim işbirliyimizin, maraqlarımızın bir göstəricisidir. Bütün bunlar bir-birinə təbii yolla bağlı olan məsələlərdir. Bu da bizim daha da dərin inteqrasiyamıza xidmət edir. Biz Azərbaycanın həyata keçirdiyi strateji siyasətin praqmatik, düzgün nəticələrini görürük və bu siyasət uzaqgörən bir siyasətdir. Bunun nəticəsində biz praktiki olaraq, hər gün yaxşı nəticələr əldə edirik. Bu nəticələr hətta hökumətlərin maraqlarından da kənara çıxır. Çünki biz bir-birimizə dostcasına, mehribancasına yanaşırıq. Çalışırıq ki, bizi maraqlandıran məsələləri birgə həyata keçirək. Bütün bunların arxasında bizim birgə ideyalarımız durur. Bütün bunlar bu tarixi prosesin bir elementidir.
Mən bu mətbuat konfransına görə bütün iştirakçılara minnətdarlığımı bildirirəm. Mən cənab Prezidentə minnətdarlığımı bildirirəm ki, Gürcüstana səfər edibdir. Mən ümidvaram ki, bizim bu şəhərimiz Sizin xoşunuza gələcəkdir", - Mixeil Saakaşvili deyib.

Xəbər lenti

Xəbər lenti