Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Rusiyada davam edən meşə yanğınlarını söndürmək üçün Azərbaycandan yola salınmış Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri Ryazan şəhərində yanğınsöndürmə əməliyyatlarına qoşulub.
Fövqəladə Hallar Nazirliyinin internet-saytının şənbə günü yaydığı məlumata görə, helikopterlər avqust ayının 5-də Rusiyanın Ryazan şəhərinə çatıb.
Azərbaycanlı yanğınsöndürən-xilasedicilər dərhal "Mi-17-1V" və "Ka-32A" tipli helikopterlərlə Ryazan şəhəri ətrafında tüğyan edən meşə yanğınlarının söndürülməsinə başlayıblar.
Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi ilə əlaqəli şəkildə həyata keçirilən əməliyyatlar ilk müsbət nəticələrini verib və mövcud bir neçə yanğın ocağı qısa müddətdə söndürülüb. Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.