Prezident İlham Əliyev avqustun 12-də yeni inşa olunan Yuxarı Zeyxur sərhəd zastavasında olmuşdur. Bu barədə məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev dövlətimizin başçısına raport verdi.
DSX-nin rəisi sərhəd zastavası və buradakı sərhəd mühəndis-texniki qurğular barədə Prezident, Ali Baş Komandan İlham Əliyevə məlumat verdi.
Sonra dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş Yuxarı Zeyxur kənd orta məktəbində də oldu və burada kənd sakinləri ilə görüşdü
"Gözəl məktəbdir, şəraiti də, səviyyəsi də yaxşıdır. Bilirsiniz ki, bu yol çox bərbad vəziyyətdə idi. Siz hələ nisbətən yaxında yaşayırsınız. Amma uzaqda yaşayanlar gör nə əziyyət çəkmişlər. İndi 23 kilometr yeni yol çəkilibdir. Bilirsiniz, indi rayon mərkəzi ilə də əlaqə rahat olubdur. Mən beşinci dəfədir ki, Qusara gəlirəm. Sonuncu dəfə gələndə söz vermişdim ki, sizin problemlərinizi həll edəcəyəm. Mən sizin üçün işləyirəm, sizin üçün çalışıram. Sizin üçün hər şeyi edəcəyik" Prezident qeyd edib.
"Məni növbəti görüş gözləyir, turizm mərkəzində olacağam. Orada da böyük tikinti işləri gedir. Qusarı turizm mərkəzinə çevirmək üçün bütün işlər görülür. Bir-iki ilə Qusarda dünya səviyyəli bir turizm mərkəzi olacaqdır" dövlət başçısı deyib.