Gürcüstan, Tbilisi, 26 avqust /Trend, müxbir N.Kirsxaliya/
NATO ekspertləri Gürcüstan Müdafiə Nazirliyində görüş zamanı ölkədə hərbi təhsil perspektivlərini müzakirə ediblər. Müdafiə Nazirliyindən verilən məlumata görə, NATO-nun Tbilisiyə gələn ekspert qrupu təşkilatın qərargah nümayəndələri, ABŞ Milli Müdafiə Kolleci və ABŞ Birləşmiş Qərargahının nümayəndələri, eləcə də Rumıniya Müdafiə Universitetinin üzvlərindən ibarət olub.
Ekspertlər Gürcüstan-NATO hərbi təhsil və təlim proqramı çərçivəsində Gürcüstan müdafiə nazirinin müavini Nodar Xarşiladze ilə görüşüblər. Görüşdə, həmçinin, Gürcüstan Müdafiə Nazirliyi Milli Akademiyasının nümayəndələri iştirak ediblər.
NATO ekspertləri Gürcüstanda peşəkar hərbi təlim sisteminə yeni üsullar tətbiq etməyi irəli sürüblər.
Görüşün yekunlarına əsasən Xarşiladze bəyan edib ki, Gürcüstan və NATO-nun hərbi təhsil və təlim sahəsində mövcud əməkdaşlığı ölkəyə beynəlxalq standartlara uyğun peşəkar hərbi təlim yaratmağa imkan verəcək.