Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın müxalif "İnsan Naminə" seçki bloku namizəd siyahısını açıqlayıb. Bu barədə çərşənbə axşamı Trend-ə seçki blokunun mətbuat xidmətindən məlumat veriblər.
Məlumatda qeyd olunub ki, seçki blokuna daxil olan Vətəndaş və İnkişaf (VİP), Liberal (ALP) və Yaşıllar partiyaları 72 seçki dairəsi üzrə vahid namizəd müəyyənləşdiriblər.
Hazırda partiyalar blokun daha 12-15 seçki dairəsi üzrə deputatlığa namizədlərinin razılaşdırılması istiqamətində müzakirələr aparırlar. Müzakirələrin yaxın bir neçə gün ərzində yekunlaşdırılması nəzərdə tutulur və bundan sonra blokun deputatlığa yeni namizədlərinin adları açıqlanacaq.
"İnsan Naminə" seçki bloku ALP, VİP və Yaşıllar partiyalarının birgə təşkilatçılığı ilə yaradılıb.
Azərbaycanda Parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.