...

Azərbaycanda Parlament seçkilərinin müşahidəsi üzrə ATƏT missiyası işə başlayır

Siyasət Materials 23 Sentyabr 2010 14:25 (UTC +04:00)
ATƏT-in Azərbaycanda Parlament seçkilərinin müşahidəsi üzrə missiyası sentyabrın 28-də işə başlayır. Bu barədə Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) mətbuat xidmətindən bildirilib.
Azərbaycanda Parlament seçkilərinin müşahidəsi üzrə ATƏT missiyası işə başlayır

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir Y.Ostapenko/

ATƏT-in Azərbaycanda Parlament seçkilərinin müşahidəsi üzrə missiyası sentyabrın 28-də işə başlayır. Bu barədə Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) mətbuat xidmətindən bildirilib.

İki ekspert qrupundan ibarət missiya Bakıya bazar günü, sentyabrın 26-da gələcək. Çərşənbə axşamı keçiriləcək mətbuat konfransında ATƏT nümayəndə heyətinin ölkədə olduğu dövrdəki iş planı təqdim olunacaq. Bu barədə Trend-ə DTİHB mətbuat xidmətinin rəhbəri Yens Eşenbaher (Jens Eschenbaecher) bildirib.

Missiyaya səfir, DTİHB müşahidə missiyasının rəhbəri Odri Qlover (Audrey Glover) başçılıq edəcək. Əvvəllər o, 2008-ci ildə ABŞ-da Prezident seçkilərində ATƏT/ DTİHB müşahidə missiyasına rəhbərlik edib.

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin olunub. MSK-nın təqdim etdiyi siyahıya görə, Azərbaycanda daimi yaşayan seçicilərin sayı beş milyon nəfərə yaxındır.

Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistemdə aparılır.

Mətbuat xidmətindən bildirilib ki, ölkəyə ATƏT ekspertlərinin iki uzunmüddətli qrupu gələcək və onlar seçkiqabağı monitorinq və seçki günü bilavasitə monitorinq keçirəcəklər. 16 nəfərdən ibarət qrupun biri paytaxtda, 26 nəfərdən ibarət ikinci qrup isə Azərbaycanın regionlarında yerləşdiriləcək.

Həmçinin, seçkilərdə ATƏT-dən çoxsaylı müşahidəçilər iştirak edəcəklər və onlar öılkədə yalnız seçkilər günü olacaqlar. DTİHB-nin məlumatına görə, seçkilərdə 450 qısamüddətli müşahidəçinin iştirakı planlaşdırılır.

ATƏT missiyası işinin yekunları üzrə seçkilərdən bir gün sonra ilkin hesabat buraxacaq. Yekun hesabat seçkilərdən iki ay sonra hazırlanacaq.

Bundan əvvəl Avropa İttifaqı, ATƏT və Avropa Şurasının Azərbaycandakı nümayəndəlikləri qarşıdakı seçkilərə hazırlıq üçün birgə layihə təklif etmək niyyətləri barədə bəyanatla çıxış ediblər.

Göstərilən təşkilatların birgə bəyanatında deyilir ki, layihədə məqsəd hökumətin və Azərbaycanın digər strukturlarının "seçki prosesini yaxşılaşdırmaq və seçkilərin ATƏT xəttinə, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə və demokratik seçkilərin digər standartlarına uyğun keçirilməsi" səylərini dəstəkləməkdən ibarətdir.

Orada, həmçinin, bildirilir ki, "kömək siyasi dialoqun, seçki komissiyalarının və digər müvafiq strukturların potensialının və müstəqilliyinin gücləndirilməsinə, bütün namizədlərin seçki kampaniyasını müstəqil, qərəzsiz və tam işıqlandıracaq KİV-in dəstəklənməsinə, sərbəst toplaşma azadlığı haqqında qanuna lazımi qaydada əməl olunmasına, qadınlar və gənclər də daxil olmaqla, ictimai marağın seçki prosesində iştirakının stimullaşdırılmasına cəmləşdirilib".

Xəbər lenti

Xəbər lenti