...

İran Azərbaycanın maliyyə sistemi üçün təhlükəli deyil - İranın "Saderat" bankının rəhbəri

Siyasət Materials 22 Oktyabr 2010 09:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir T.Cəfərov/

ABŞ uzaq keçmişdən indiyədək İranın qonşu ölkələri arasında "İran qorxusu" siyasətini yürüdür. Bu sözləri İranın "Saderat" (ixracat) bankının rəhbəri, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Məhəmməd Cəhromi Trend-ə müsahibəsində bildirib.

ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı məsələləri üzrə müavini Stüart Levi bir gün əvvəl Azərbaycana səfəri zamanı Bakıda keçirdiyi mətbuat konfransında bildirmişdi ki, İranın törətdiyi təhlükə səbəbindən, Azərbaycanın maliyyə sisteminin müdafiəsi üzrə ümumi tədbirlər hazırlamaq, ölkənin maliyyə sektorunun etibarlılığını qorumağa kömək etmək və respublikaya investisiyalar cəlb etmək lazımdır. "Dəfələrlə qeyd edildiyi kimi, Azərbaycan ABŞ-ın vacib strateji tərəfdaşıdır. Bundan çıxış edərək, ABŞ və Azərbaycanın İranın nüvə proqramı məsələsi ilə bağlı mövqelərini yaxınlaşdırmaq lazımdır", - Levi qeyd edib. Onun sözlərinə görə, İran təkcə region ölkələri üçün deyil, həm də bütün dünya üçün təhlükə törədir. Azərbaycan və İranın coğrafi yaxınlığını nəzərə alaraq, Bakı daha diqqətli olmalıdır.

Cəhromi əlavə edib ki, ABŞ-ın iddia etdiyinin əksinə olaraq, İranın qonşu ölkələrlə tarixi və mədəni bağlılıqları var və iqtisadi əməkdaşlıqlarını davam etdirirlər. "Biz qonşu ölkələri özümüz üçün təhlükə hesab etmirik, eləcə də İran öz qonşu ölkələri üçün təhlükə deyil", -  Cəhromi deyib.

Bakıya "Maliyyə institutları MDB iştirakçı dövlətlərinin iqtisadiyyatlarının struktur modernləşdirilməsinin əsasıdır" mövzusunda keçirilən MDB-yə üzv dövlətlərin III Beynəlxalq Bakı Bank Konfransında xüsusi qonaq kimi iştirak etmək üçün səfər etmiş Cəhromi deyib ki, regionun iqtisadiyyatı qonşu ölkələrin bir-biri üçün yaratdığı məqamlarla inkişaf edir. ABŞ yaranmış bu fürsətlərdən narahatdır. "İran və Azərbaycan arasında təhlükəli heç bir şey yoxdur. Bu iki ölkənin xalqı və dövlətinin müştərək tarixi bağlılıqları var, əməkdaşlıqlarını davam etdirirlər", - Cəhromi deyib.

ABŞ və bəzi Qərb ölkələri İranı sülh atomu proqramı adı altında hərbi məqsədlər üçün nüvə silahını hazırlamaqda günahlandırırlar. İndiyədək BMT-nin Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaların tətbiqinə yönələn altı qətnamə qəbul edib, onlardan 4-ü uranın zənginləşdirilməsindən imtina etməyi İrandan tələb edir, 2-si isə xəbərdaredici xarakter daşıyır.

2010-cu il iyunun 9-da BMT Təhlükəsizlik Şurası uranın zənginləşdirilməsi üzrə işlərdən imtina etdiyinə görə, Tehrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan növbəti qətnamə qəbul edib. Bu, Tehranın dünya ictimaiyyətinin İranın nüvə proqramı ilə, o cümlədən, proqramın tərkib hissəsi olan hərbi məsələlərlə bağlı beynəlxalq tələbləri yerinə yetirməkdən imtina etdiyinə görə, Təhlükəsizlik Şurasının qəbul etdiyi, say etibarilə, 4-cü sanksiya xarakterli qətnaməsidir.

Beynəlxalq KİV-in məlumatına əsasən, ABŞ Maliyyə Nazirliyi İranın "Saderat" bankına qarşı sanksiyalar tətbiq edib. "İran "Saderat" bankı vasitəsilə "Hizbullah", "Həmas" və "Fələstin İslami Cihad" qruplarına pul köçürür", -  ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir. Bu səbəbdən, İranın "Saderat" bankına ABŞ-ın maliyyə sistemində birbaşa və ya vasitə ilə əməliyyatlar həyata keçirmək qadağan olunub.

Məlumata əsasən, İranın "Saderat" bankına qarşı Avropa Birliyi də sanksiya tətbiq edib.

Xəbər lenti

Xəbər lenti