Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İ.Hüseynov/
Minarələrin tikintisinə qadağa ilə bağlı ötənilki referendumun nəticələri göstərdi ki, İsveçrədə müsəlmanların maraqlarına toxunan məsələlərlə bağlı vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun fəallaşdırılması üzrə ciddi səylər lazımdır. ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktor müavini Duqlas Ueyk (Douglas Wake) belə hesab edir.
İsveçrədə islam icmalarının nümayəndələri Berndə milli səviyyədə müsəlmanların maraqlarının daha səmərəli təqdim olunması imkanlarını müzakirə edəcəklər. Eləcə də sabah keçiriləcək DTİHB və İsveçrə Federal Komissiyasının irqçiliyə qarşı birgə konfransı zamanı çətir təşkilatının yaradılması imkanları da müzakirə olunacaq . Bu barədə Trend-ə şənbə günü ATƏT mətbuat xidmətindən daxil olmuş məlumatda deyilir.
Birgə konfrans müsəlmanların 30-dan artıq qeyri-hökumət təşkilatının, İsveçrənin müxtəlif kontonları, vilayət və şəhərlərinin icmalarının rəhbərlərini birləşdirəcək. Böyük Britaniya, Belçika və Almaniyanın müsəlman şuralarının rəhbərləri öz ölkələrinin təcrübəsini bölüşəcəklər. İşçi qruplar çətir təşkilatın yaradılması və fəaliyyət göstərməsi, eləcə də hüquqi status, üzvlük, təqdimat və mandat kimi məsələləri müzakirə edəcəklər.
İrqçilik Əleyhinə Federal Komissiyanın prezidenti Georq Krays (Georg Kreis) qeyd edib ki, milli çətir təşkilatının yaradılması dini və ya etnik azlıqlara siyasi proseslərdə və ictimai müzakirələrdə öz səslərini möhkəmləndirməyə imkan verəcək.
2009-cu il noyabrın 29-da keçirilən referendumda isveçrəlilərin əksəriyyəti minarələrin tikintisinə qoyulan qadağanı dəstəkləmişdilər.
DTİHB-nin rəhbəri Yanez Lenarçiç (Janez Lenarcic) referendumun yekunları üzrə bəyanatında qeyd edib ki, minarələrin tikintisinə qoyulan ümumi qadağa dini azadlıq və dini ayrı-seçkilikdən imtina prinsipləri ilə bağlı götürülən öhdəliklərə uyğun gəlmir. O, həmçinin, xəbərdarlıq edib ki, bir konkret cəmiyyətin ayrılması gərginlik və dözümsüzlük atmosferinin yaranmasına gətirib çıxara bilər.