...

Azərbaycanda parlament seçkiləri keçirilir (FOTO)

Siyasət Materials 7 Noyabr 2010 11:10 (UTC +04:00)
Azərbaycanda parlament seçkisi ilə bağlı səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.
Azərbaycanda parlament seçkiləri keçirilir (FOTO)

RED. əlav.: şəkillər əlavə olunub

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Azərbaycanda parlament seçkisi ilə bağlı səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, parlamentə seçkilər uğrunda 690 namizəd mübarizəyə qatılıb.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

MSK bəyan edir ki, gün ərzində seçicilərin fəallıq göstəricisi 5 dəfə, səsvermənin nəticələri isə səsvermə sona çatdıqdan bir neçə saat sonra Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi şəbəkəsi vasitəsilə MSK-ya və eyni zamanda MSK-nın internet səhifəsinə ötürüləcək.

Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün bu günədək ümumilikdə 46 639 yerli müşahidəçi qeydiyyatdan keçirilib. Bütün respublika ərazisində müşahidə aparmaq niyyəti ilə MSK tərəfindən qeydiyyatdan keçirilmiş yerli müşahidəçilərdən 3466 müşahidəçidən 102 nəfər siyasi partiyalar, 560 nəfər qeyri-hökumət təşkilatları, 3 nəfər qeydə alınmış namizədlərin təşəbbüsü əsasında, digərləri isə öz təşəbbüsü ilə seçkilərə qatılıb. Yerli müşahidəçilərin digər bir qrupu - 43173 nəfər isə müəyyən seçki dairəsi hüdudları daxilində müşahidə aparmaq üçün müvafiq DSK tərəfindən akkreditə olunub.

MSK tərəfindən bu günədək akkreditə olunmuş 1029 beynəlxalq müşahidəçi 21 beynəlxalq (xarici) qurumu təmsil edir ki, bura AŞPA, Avropa İttifaqı Şurası, Aİ-nin Bakı üzrə nümayəndəliyi, Avropa Parlamenti, TürkPA, ATƏT PA, ATƏT DTİHB, MDB, GUAM, ABŞ, Böyük Britaniya, Qazaxıstan, Norveç, Bolqarıstan, Polşa, Yaponiya və Belçika səfirlikləri, eyni zamanda, Avropa Seçki Müşahidə Akademiyası daxildir. Beynəlxalq müşahidəçilər 48 ölkə vətəndaşlarıdırlar.

Röyters, BBS, Əl-Cəzirə, TRT, Associated Press, Frans Press, EPA, Anadolu, İhlas Haber Ajansı, Doğan Haber Ajansı, Daily İttehad da daxil olmaqla 20-yə yaxın xarici kütləvi informasiya vasitələrindən 43 beynəlxalq KİV təmsilçisi seçkiləri işıqlandırmaq məqsədilə MSK tərəfindən akreditə edilib.

İnternet vasitəsilə səsvermə prosesini canlı izləmək üçün 500 məntəqədə (təxminən 10%-də) veb-kameralarla bağlı texniki hazırlıq yekunlaşdırılıb və veb-kameralar quraşdırılmış məntəqələrin siyahısı təsdiq olunüb. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq səsvermə günü "exit-poll" keçirmək məqsədi ilə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi MSK-ya müraciət edərək qeydiyyatdan keçib.

Seçkidə şəffaflığı təmin etmək üçün seçicilər gözlə görünməyən mürəkkəb və ultrabənövşəyi dedektorlar (lampalar) istifadə edəcəklər.

Səsvermə yerli vaxtla 19:00-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti