...

İlham Əliyev Türkmənistan Baş nazirinin müavinini qəbul edib

Siyasət Materials 25 Noyabr 2010 16:01 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Türkmənistan Baş nazirinin müavini Xıdır Saparlıyevi qəbul edib.
İlham Əliyev Türkmənistan Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Türkmənistan Baş nazirinin müavini Xıdır Saparlıyevi qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Baş nazirin müavini Xıdır Saparlıyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını dövlətimizin başçısına çatdırıb. O, Türkmənistan Prezidentinin ölkələrimiz arasında münasibətlərin inkişafına böyük önəm verdiyini deyib, Hökumətlərarası Birgə Komissiyanın müəyyən edilmiş tapşırıqlar əsasında səmərəli və fəal işlədiyini vurğulayıb. Qonaq Türkmənistan Prezidentinin komissiyanın daha məhsuldar işləməsi üçün əlavə tapşırıqlar verdiyini də bildirib.

Dövlətimizin başçısı bu yaxınlarda Türkmənistan Prezidenti ilə Bakıda görüşdüyünü və səmərəli danışıqlar apardıqlarını xatırlayıb. Xəzəryanı ölkələrin dövlət başçılarının dənizdə qarşılıqlı fəaliyyət və ikitərəfli münasibətlər çərçivəsində keçirilən sammitini uğurlu tədbir kimi qiymətləndirən Prezident İlham Əliyev zirvə görüşündə yaxşı qərarlar qəbul olunduğunu qeyd edib.

Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin inkişafından razı qaldığını deyən dövlətimizin başçısı Türkmənistan Prezidenti ilə əlaqələrimizin inkişafına dair mühüm məsələləri müzakirə etdiklərini də diqqətə çatdırıb.

Dövlətimizin başçısı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti