Qazaxıstan, Astana, 1 dekabr/Trend, müxbir A.Maratov/
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı üçün əsas çağırışlar təşkilata üzv ölkələrin ərazilərində həll edilməmiş münaqişələrdir. Bu barədə Astanada ATƏT-in sammitində Avstriya Prezidenti Hayns Fişer deyib.
Onun sözlərinə görə, bu münaqişələrin həlli üçün onların nizamlanması prosesində münaqişəyə cəlb edilən bütün tərəflərin iştirakı lazımdır.
ATƏT iştirakçı ölkələrinin ərazilərində həll edilməmiş münaqişələrə Dağlıq Qarabağ və Gürcüstandakı münaqişə də aiddir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçiləri Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub.