...

Azərbaycan müxalifətinin təklif etdiyi "Xalq Parlamenti" ideyası həyata keçirilməsi mümkün olmayan təşəbbüsdür - hakim partiya

Siyasət Materials 7 Dekabr 2010 14:02 (UTC +04:00)
Azərbaycan müxalifətinin təklif etdiyi "Xalq Parlamenti" ideyası həyata keçirilməsi mümkün olmayan təşəbbüsdən başqa bir şey deyil. Bunu çərşənbə axşamı jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov bildirib.
Azərbaycan müxalifətinin təklif etdiyi "Xalq Parlamenti" ideyası həyata keçirilməsi mümkün olmayan təşəbbüsdür - hakim partiya

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan müxalifətinin təklif etdiyi "Xalq Parlamenti" ideyası həyata keçirilməsi mümkün olmayan təşəbbüsdən başqa bir şey deyil. Bunu çərşənbə axşamı jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov bildirib.

"Əgər müxalifətin ictimaiyyət arasında dəstəyi olsaydı, seçkilərdə uğur qazanardı", - Əhmədov deyib.

Noyabrın 23-də Müsavat Partiyasının mərkəzi qərargahında 7 noyabr parlament seçkilərinin nəticələrini tanımayan namizədlərin forumu keçirilib.

AXCP-Müsavat seçki blokunun təşəbbüsü ilə keçirilən forumda Milli İstiqlal, Klassik Xalq Cəbhəsi, Azadlıq, Demokratik Azərbaycan Dünyası, Azərbaycan Xalq partiyalarının təmsilçiləri və müstəqil namizədlər iştirak ediblər. Forumda parlament seçkiləri, sekçidən sonrakı vəziyyət müzakirə edilib. Həmin toplantıda "Xalq Parlamenti"nin yaradılması təklif olunub.

Əhmədov hesab edir ki, seçkilərdə uğur qazana bilməyən insanların guya alternativ parlament yaratmaq barədə ideya irəli sürməsi cəfəng fikrdir.

"İkinci tərəfdən bu ideya hüquqi müstəvidən kənarda olan bir cəhddir və bu, Azərbaycanın Konstitusiyasına, qanunlarına hörmətsizlik deməkdir", - Əhmədov bildirib.

Onun sözlərinə görə, belə addım atılarsa, ona hüquqi müstəvidə qiymət veriləcək.

Noyabrın 7-də keçirilən parlament seçkilərinin nəticəsinə görə, YAP Milli Məclisdə 71 yer qazanıb. Bundan əlavə, Ana Vətən Partiyası 2, Vətəndaş Həmrəyliyi Partiyası 2, Demokratik İslahatlar, Böyük Quruluş, Ümid, Sosial Rifah, Vətəndaş Birliyi, Ədalət, Milli Dirçəliş Hərəkatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarının hərəsi 1 deputatla Milli Məclisdə təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti