...

"İnkişafın Azərbaycan modeli" adlı kitabın təqdimatı olub (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 9 Dekabr 2010 13:44 (UTC +04:00)

RED. əlav.: Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun çıxışı əlavə olunub.

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir T.Hacıyev/

Cümə axşamı Bakıda "Azərbaycan" rəsmi dövlət qəzetinin nəşr etdirdiyi "İnkişafın Azərbaycan modeli" adlı kitabın təqdimatı olub.

Azərbaycan Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə təqdimat mərasimində çıxışı zamanı bildirib ki, "İnkişafın Azərbaycan modeli" kitabı ölkəmizlə maraqlanan dövlətləri düşündürəcək.

"Azərbaycan müstəqillik əldə etdikdən sonra çətinliklərlə üzləşib - bir iqtisadi sistemdən digərinə keçib. Çox az ölkələr belə keçiddə öz iqtisadi müstəqilliyini saxlaya bilib. Azərbaycan öz iqtisadi müstəqilliyini saxlayan azsaylı ölkələrdən biridir", - Səmədzadə deyib.

Azərbaycan iqtisadiyyatının inkişaf modelinin elmi-nəzəri əsaslarının işlənib hazırlanması, bu istiqamətdə geniş tədqiqat işlərinin aparılması günün vacib tələblərindən biridir. İdeya və ön sözün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyev olan "İnkişafın Azərbaycan modeli" kitabı bu istiqamətdə atılan ilk addımlardan biri kimi səciyyələndirilməlidir. Kitabın redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, buraxılışa məsul "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, Əməkdar jurnalist Bəxtiyar Sadıqovdur.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf olunan, "Oskar" nəşriyyat-poliqrafiya mərkəzində nəfis tərtibatda, yüksək zövqlə hazırlanan kitab ön söz və üç fəsildən ibarətdir. Burada son 17 ildə Azərbaycanda elmi əsaslarla hazırlanıb həyata keçirilən sosial-iqtisadi siyasət, reallaşdırılan islahatlar milli inkişaf modelini səciyyələndirən məsələlər kimi önə çəkilir. 1994-2009-cu illərdə iqtisadi sahədə keçid dövrünü təmin edən əsas sosial-iqtisadi hadisələrə, ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən verilən sərəncam və fərmanlara, təsdiq olunan dövlət proqramlarına, digər qanunvericilik aktlarına nəzər salınır, əldə olunan nailiyyətlərin xronologiyasına diqqət yetirilir. İqtisadi keçid dövrünü başa vuran Azərbaycanda əvvəlki sosial-iqtisadi münasibətlərin, institutların bazar iqtisadiyyatına uyğun olaraq transformasiyası, islah olunması, yenilərinin formalaşması prosesinə nəzər salınır.

Səmədzadənin sözlərinə görə, kitabın ərsəyə gəlməsi Azərbaycanın dayanıqlı inkişafından xəbər verir. Bu kitabın müxtəlif dillərə tərcümə olunması Azərbaycanın inkişaf modelinin dünyada daha yaxşı tanınmasına xidmət edir.

Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, deputat Əli Əhmədov öz çıxışında qeyd edib ki, akademik Ramiz Mehdiyev və yaradıcı qrupun Azərbaycan iqtisadi inkişafının təhlilini aparması və ictimaiyyətə təqdim etməsi təşəbbüsü Azərbaycan xalqı üçün mühüm töhfədir.

Əhmədov çıxışında Azərbaycan iqtisadiyyatının inkişafının təməlində duran əsas prinsiplərdən söz açıb.

"Azərbaycan iqtisadi inkişaf modelinin bazasında Azərbaycandakı sabitlik dayanır. Ölkədə Heydər Əliyev tərəfindən təmin olunmuş sabitlik inkişafın platforması rolunda çıxış edir. İnkişafın əsasında duran digər amillər isə əsası Heydər Əliyev tərəfindən qoyulan, bu gün də uğurla davam etdirilən neft strategiyası və iqtisadi islahatlardır. Digər amillər isə iqtisadi inteqrasiya, tranzit, modernləşmə və sosial bazar prinsipləridir", - Əhmədov bildirib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev çıxışında deyib ki, model anlayışı mücərrəd anlayış deyil.

"Hər bir ölkənin özünəməxsus inkişaf xüsusiyyətləri, həm resurs, həm də aparılan siyasət xüsusiyyətləri var. Model o ölkələrə aid olunur ki, o ölkədə inkişaf anoloqu olmamaqla fərqlənir və aparılan siyasət fərqliliyi ilə xarakterizə olunur", - Hacıyev bildirib.

Deputatın sözlərinə görə, ön sözdə Azərbaycanın inkişaf yolu, aparılan siyasət və onun nəticələri barədə tam təsəvvür yaradılır.

"Kitabın təqdimatının ümummilli liderin anım günü ərəfəsində keçirilməsi də əlamətdardır. Çünki Azərbaycanın inkişafı Heydər Əliyevlə bağlıdır", - deputat çıxışında qeyd edib.

Hacıyevin sözlərinə görə, Azərbaycanın iqtisadi inkişafının dünyada bənzəri yoxdur.
"Azərbaycan qısa müddətdə dünya ölkələrinin uzun müddət keçə bilmədiyi yolu keçib. Azərbaycanın makroiqtisadi göstəriciləri qonşu Ermənistan və Gürcüstanın birlikdə göstəricilərindən 4 və 5 dəfə çoxdur", - deputat deyib.

Onun sözlərinə görə, Heydər Əliyevin adı ilə bağlı neft strategiyası Azərbaycan xalqına hələ uzun müddət xidmət edəcək.

"Azərbaycanda bu gün dayanıqlı, davamlı inkişaf formalaşıb. Azərbaycan nəinki özünü təmin edib, həm də Avropa və digər bazarlar üçün alternativ olub. Azərbaycanın neft strategiyası tək Azərbaycan üçün deyil, həm də qonşu ölkələr və dünya iqtisadiyyatına kömək edən amildir", - Hacıyev deyib.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov kitabın təşəbbüskarı Ramiz Mehidyevə və kitabın hazırlanmasında iştirak edən digər şəxslərə təşəkkürünü bildirib.

Həsənov qeyd edib ki, kitabın yazılmasında başlıca məqsəd Azərbaycanın inkişaf modeli haqqında ictimai müzakirələrə zəmin yaratmaqdır.

"Əsas məqsəd ondan ibarətdir ki, Heydər Əliyev tərəfindən yaradılan, bu gün İlham Əliyev tərəfindən davam etdirilən modelin fərqli xüsusiyyətləri təhlil olunsun, onun dayanıqlılığı müzakirə edilsin və onun çatışmayan tərəfləri barədə təhlillər aparılsın, müvafiq dövlət qurumlarına tövsiyələr edilsin", - Həsənov qeyd edib.

PA rəsmisinin sözlərinə görə, dövlətin inkişafı tək iqtisadiyyat üzərində qurulmur.

"İqtisadiyyat inkişafın bazasını təşkil edir. Onun resurs imkanlarını yaradır", -  Həsənov deyib.

Xəbər lenti

Xəbər lenti