Azərbaycan, Bakı, 11 dekabr /Trend/
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin ərəb dünyasının ən aparıcı qəzeti olan və bütün dünyada yayımlanan "əl-Əhram International" və Misir Ərəb Respublikasının aparıcı gündəlik qəzetlərindən olan "əl-Əxbər" qəzetlərində "Heydər Əliyev: Azərbaycan xalqının ümummilli lideri" adlı geniş məqaləsi dərc edilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, məqalədə dərin zəka, bilik, təcrübə və uzaqgörənliyə malik bir dövlət xadimi kimi Heydər Əliyevin şərəfli həyat yoluna nəzər salan Abdullayev Heydər Əliyevin təhsili, gənclik illəri və dövlət təhlükəsizlik orqanlarında fəaliyyəti barədə ətraflı məlumat verib.
Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərliyi dövründə Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə mühüm inkişafa imza atdığını və SSRİ-nin ən inkişaf etmiş respublikalarından biri olduğunu yazan səfir Abdullayev SSRİ-nin yüksək siyasi rəhbərliyində mühüm vəzifə tutmuş yeganə müsəlman kimi Heydər Əliyevin ərəb-islam dünyasının yaxın dostu hesab olunduğu və ərəb-islam dünyasının üzləşdiyi problemlərin həllinə daim töhfə verdiyi və yardımçı olduğunu vurğulayıb.
Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və istəyi ilə müstəqilliyini itirmək təhlükəsində olan Azərbaycan rəhbərliyinə bir daha qayıtdığını vurğulayan səfir belə bir çətin və gərgin zamanda hakimiyyətə gələn Heydər Əliyevin uzaqgörən siyasəti, müdrikliyi və bacarığı sayəsində Azərbaycanın qısa müddət ərzində problemləri arxada qoyaraq, davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.
Məqalədə Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasəti və bu təcavüzün dayandırılması və onun nəticələrinin aradan qaldırılması istiqamətində Heydər Əliyevin atdığı qətiyyətli addımlar xüsusilə qabardılıb.
Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətinin nəticəsi olaraq, Azərbaycanda mərkəzi hakimiyyətin gücləndiyi, çox ehtiyac duyulan xarici əlaqələrin genişləndiyi, demokratikləşmə prosesinin başlandığı, Azərbaycanın yeni neft strategiyasının əsasının qoyulduğu, "Əsrin müqaviləsi"nin imzalandığı və tarixi İpək yolunun bərpa olunduğu müəllif tərəfindən oxucuların diqqətinə çatdırılıb.
Məqalədə Azərbaycan xalqının 12 dekabr 2003-cü ildə Heydər Əliyevin vəfatı xəbərini dərin hüzn və kədərlə qarşıladığını qeyd edən Abdullayev ümummilli lider Heydər Əliyevin öz həyatını Azərbaycanın çiçəklənməsi və inkişafına həsr etdiyini və Azərbaycan xalqının yaddaşında əbədi olaraq xoş xatirələrlə qalacağını vurğulayıb.
Abdullayev ulu öndər Heydər Əliyevin irsinə sadiq qalaraq bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişaf edən ölkə olduğunu qeyd edir və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi, iqtisadi islahatlar və fəal xarici siyasətin nəticəsi olaraq Azərbaycanın regionda lider dövlətə çevrildiyini vurğulayıb.
Məqaləni Heydər Əliyevin kəlamı ilə bitirən Abdullayev Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olduğunu bildirib.
Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.