Azərbaycan, Bakı, 25 dekabr /Trend/
Azərbaycan Respublikasının Türkiyədəki səfirliyində qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə geniş tərkibli tədbir təşkil olunmuşdur. Bu barədə şənbə günü Trend-ə Azərbaycanın Ankaradakı səfirliyinin mətbuat katibi Elsevər Salmanov bildiriib.
Tədbirdə, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Mustafa Kabakçı, İqtidar Partiyasından (ƏİP) olan millət vəkili Əli Güner, TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov, Azərbaycan Mədəniyyət Dərnəyinin sədri Cəmil Ünal, Türkiyənin sabiq Dövlət Naziri İlhan Aküzüm, sabiq millət vəkilləri Şamil Ayrım və Yücel Artantaşla yanaşı, çox sayda düşüncə quruluşlarının yüksək vəzifəli şəxsləri, diaspora nümayəndələri, Türkiyədəki Azərbaycan dərnəklərinin nümayəndələri, elm adamları və Türkiyədə təhsil alan tələbələr iştirak etmişlər.
Tədbirin ilk sözü Səfir Faiq Bağırova verilmişdir. O, öz çıxışında birlik və bütünlüyümüzün əhəmiyyətindən, azərbaycançılıq ideologiyasının önəmindən, Ümummilli Liderimiz Heydər Əliyevin izindən gedərək dünyanın hansı yerində olursaq olaq vətən uğrunda tək yumruq kimi birgə fəaliyyət göstərməyin vacibliyindən, Ümummilli Liderimiz Heydər Əliyevin bir vəsiyyəti olaraq Azərbaycan-Türkiyə diasporlarının birgə fəaliyyət göstərmələrinin zəruriliyindən və s. bəhs etmişdir.
Daha sonra söz Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Mustafa Kabakçı`ya verilmişdir. Kabakçı, iki ölkənin və xalqın dost yox, qardaş olduqlarını, dünyada Türkiyə və Azərbaycan əlaqələrinin bənzəri olmadığını, bugünkü güclü Azərbaycanı bizlərə bəxş etdiyi üçün Ümummilli Liderimiz Heydər Əliyevi rəhmətlə andığını və s. dilə gətirmişdir.
Sonra Türkiyədə təhsil alan tələbələrə, kursantlara, eləcə də AR Prezidentinin təqaüdçüsü Elvin Qəniyevə ictimai həyatda fəallığa, ölkəmizin təbliği işində fərqlənməyə və təhsilində göstərdiyi müvəffəqiyyətlərə görə Səfir tərəfindən təşəkkürnamələr və hədiyyələr təqdim olunmuşdur.
Ardından Bilkənd Universiteti Məktəbinin 8-ci sinif şagirdi AR Prezidentinin təqaüdçüsü, AR Gənc İstedadlarının Qızıl Kitabına adı yazılmış və bir çox beynəlxalq müsabiqələrin laureatı Elvin Qəniyev skripkada Qara Qarayev`in Yeddi Gözəl baletindən Adajyo və Valsı ifa etmişdir. Bilkənd Universiteti Məktəbinin 10-cu sinif şagirdi Səfurə Axundzadə skripkada Sarasatenin Çingənə mahnılarını, Alim Nəsirov isə gitarada müxtəlif Azərbaycan mahnılarını ifa etmişlər.
Ardından Ankara Universitetlərində təhsil alan İsrail Ələkbərli, Səmra Məmmədzadə və Huri Adilova müxtəlif Azərbaycan xalq mahnılarının sədaları altında gözəl rəqslər nümayiş etdirmişlər.
Sonra Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin əməkdaşlarının uşaqları tədbir iştirakçıların çox bəyəndiyi kiçik bir teatr səhnəsi canlandırmışlar.
Sonda çox saylı tədbir iştirakçıları üçün ziyafət təşkil olunmuşdur.