...

Azərbaycanda müxalifətçilər bir-birlərini parçalanmaqda suçlayırlar

Siyasət Materials 19 Yanvar 2011 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir T.Hacıyev/

İctimai Palataya daxil olan qüvvələr Demokratiya Uğrunda İttifaqın (DUİ) mövcudluğundan narahatdır. Bu barədə çərşənbə günü Trend-ə DUİ-yə daxil olan Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.

Onun sözlərinə görə, İctimai Palatanın bəzi nümayəndələri DUİ-nin parçalanması istiqamətində fəaliyyət göstərirlər.

"DUİ-də təmsil olunan şəxslərlə təbliğat işləri aparırlar ki, DUİ perspektivsiz təşkilatdır. Onları DUİ-dən çıxmağa, İctimai Palataya qoşulmağa dəvət edirlər", - Oruc əlavə edib.

Partiya sədri hesab edir ki, İctimai Palataya daxil olan qüvvələr milli demokratik düşərgədə yalnız özlərinin real güc olduğunu beynəlxalq təşkilatlara göstərmək istəyirlər. Ona görə də DUİ-nin mövcud olmağı onları narahat edir.

Son zamanlar baş verənlər göstərir ki, Əhməd Oruc bütün Azərbaycanla müharibə etmək istəyindədir. Bunu Trend-ə AXCP sədrinin müavini Nurəddin Məmmədli deyib.

Əhməd Orucun fikirlərinə münasibət bildirən Məmmədli qeyd edib ki, bu günün reallığına az-çox cavab verən bir qurumun yaradılmasına müsbət mənada təkan verib, onun üzvünə çevrilib gücləri toplamaq əvəzinə yeni cəbhələr açmaq, yeni meydanlar yaratmaq əsassızdır.

"Mənim bu cür fikirlərə hər hansı formada münasibət bildirmək həvəsim yoxdur. Digər tərəfdən İctimai Palatada real gücə sahib olan, Azərbaycan siyasətinə təsir etmək perspektivinə malik olan AXCP kimi, Müsavat kimi güclü təşkilatlar təmsil olunur. Biz niyə kimdənsə qorxmalıyıq? Əgər biz hakimiyyətdən qorxmayıb öz mübarizəmizi davam etdiririksə, DUİ niyə bizim üçün təhlükəli olmalıdır?", - Məmmədli vurğulayıb.

Məmmədli onu da bildirib ki, Əhməd Orucun fikirləri çox mücərrəd və qeyri ciddi yanaşmanın təzahürüdür.

"Əhməd Oruca təklif edərdim ki, bu dəyişən dünyada o da bir az xasiyyətində dəyişiklik etsin. Hamı ilə konfrontasiyaya getmək onun üçün yaxşı perspektiv vəd etmir", - sədr müavini qeyd edib.

DUİ-də təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə İctimai Palatanın DUİ-yə təhlükə törədə biləcəyi barədə məlumatı olmadığını deyib.

"Ola bilər ki, Əhməd bəyin məlumatı var, ancaq mən məlumatsızam. Mən Azərbaycanda fəaliyyət göstərən təşkilatlardan heç birini özümüz, təşkilatımız, ittifaqımız üçün təhlükəli görmürəm", - Mirəlioğlu əlavə edib.

Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokrat partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur.

Azərbaycanın bir sıra siyasi partiyaları və qeyri hökumət təşkilatları İctimai Palata təsis edib. Palatanın əsas məqsədi vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında və idarə olunmasında iştirak haqqında Konstitusiya hüquqlarını təmin etmək, bu işə ən geniş kütlələri cəlb etmək, bunun üçün seçki islahatına nail olmaqdır.

Xəbər lenti

Xəbər lenti