...

İntriqalardan sonra Azərbaycan müxalifətini bir araya gətirmək çox çətindir – ADP sədri

Siyasət Materials 17 Fevral 2011 13:08 (UTC +04:00)
Bu qədər intriqalardan sonra müxalifəti bir araya gətirmək çox çətindir. Bunu cümə axşamı Trend-ə müxalif Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib.
İntriqalardan sonra Azərbaycan müxalifətini bir araya gətirmək çox çətindir – ADP sədri

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir T.Hacıyev/

Bu qədər intriqalardan sonra müxalifəti bir araya gətirmək çox çətindir. Bunu cümə axşamı Trend-ə müxalif Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib.

"Müsavat Partiyasının rəhbəri İsa Qəmbərin Ümid Partiyasının sədri İqbal Ağazadə ilə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə olan intriqaları bu partiyaları bir araya gətirməkdə çətinliklər yaradır", - Cəlaloğlu əlavə edib.

Onun sözlərinə görə, hazırda birləşmə məsələsində Müsavat Partiyası konstruktiv mövqe tutub.

"Dünyada baş verən proseslərin fonunda Müsavat belə qərara gəlib ki, hər şeyə rəğmən birləşmək vacibdir. Əvvəllər İsa bəy deyirdi ki, İqbal Ağazadə Parlamentdə təmsil olunduğuna görə, İctimai Palataya qoşula bilməz. Lakin indi vəziyyət fərqlidir", - o, qeyd edib.

Cəlaloğlu hesab edir ki, siyasət elə bir fəaliyyət sahəsidir ki, burada hər şeyə real yanaşmaq lazımdır.

"Burada fərdlər arasında olan münasibətlər yox, ümummilli maraqlar əsas götürülməlidir. Bu baxımdan Müsavat Partiyasının son zamanlar tutduğu mövqe qənaətbəxşdir", - partiya sədri vurğulayıb.

Azərbaycanın müxalif partiyaları birlik modeli yaratmaq üçün danışıqlar aparırlar. Ötən həftə Azərbaycanın altı müxalif partiya sədri müxalifətin birlik məsələsini müzakirə etmək üçün bir araya gəlib. Müzakirədə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan və Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə iştirak edib. Mətbuat üçün qapalı keçirilən görüşdə əsasən müxalifətin inteqrasiyasının müxtəlif modelləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Cəlaloğlu deyb ki, partiya sədrlərinin görüşü zamanı müəyyən təkliflər irəli sürülüb və hazırda partiyalar həmin təklifləri dəyərləndirirlər.

Xəbər lenti

Xəbər lenti