Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir E.Hüseynov/
Prezident Barak Obamanın müstəqil surətdə məni Azərbaycanda səfir vəzifəsinə təyin etməsi ABŞ-ın Azərbaycan ilə əməkdaşlığa nə dərəcədə əhəmiyyət vermməsindən xəbər verir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza brifinqdə bildirib.
"Prezidentin göstərişlərinə əsasən, mən ikitərəfli münasibətlərin inkişafı və dərinləşməsi üçün əlimdən gələni edəcəyəm", - diplomat qeyd edib.
Prezident Barak Obama Metyu Brayzanı ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin edib.
ABŞ Konstitusiyasına görə, prezidentin irəli sürdüyü namizədlər ABŞ Konqresinin Senatında təsdiq olunmalıdır. Lakin Konqresin sessiyalararası tətildə olması ilə əlaqədar prezident təkbaşına kadr təyinatları edə bilər.
Diplomatın sözlərinə görə, Azərbaycan və ABŞ-ın ikitərəfli münasibətlərində geniş strateji məsələlər, o cümlədən təhlükəsizlik, energetika və daxili islahatlar məsələləri var.
"Rəsmi Vaşinqton Azərbaycan hakimiyyətinə terrorizmlə mübarizənin dəstəklənməsinə və bu məsələlərlə bağlı Əfqanıstandakı əməkdaşlığa görə minnətdarlığını bildirir", - Brayza deyib və bu dəstəyi terrorizmlə mübarizəyə töhfə adlandırıb.