Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın müxalif Ümid və Azərbaycan Demokrat Partiyaları arasında "Qarabağ" siyasi blokunun yaradılması haqqında ikitərəfli əməkdaşlıq sazişi imzalanıb. Bu barədə cümə axşamı Trend-ə Ümid Partiyasının mətbuat xidmətindən məlumat veriblər.
İmzalama mərasimində hər iki partiyanın sədrləri və digər funksionerləri iştirak edib. Öncə çıxış edən ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, ADP və Ümid partiyaları arasında heç bir ideoloji və ya psixoloji fikir ayrılıqları yoxdur.
"Bu da ona əsas verir ki, haqq işimizdə, mübarizə yolumuzda birgə addımlar ataq, fəaliyyətimizi bir siyasi blok daxilində davam etdirək. İmzalayacağımız sazişin müddəalarına əsasən, bu siyasi blok həm digər siyasi partiyaları da özündə birləşdirə, eyni zamanda özü də digər assosasiyalarda birləşmək hüququna malikdir. Bu gün "Qarabağ" siyasi blokunun bünövrəsi bu iki partiya tərəfindən qoyulur. Hər iki partiyanı bu gün münasibətilə təbrik edirəm", - Cəlaloğlu əlavə edib.
Daha sonra çıxış edən Ümid Partiyası sədri İqbal Ağazadə fevral ayının Qarabağ tarixində heç də uğurlu olmadığını bildirib.
"Qarabağın tarixində ən acılı günlər fevral ayına təsadüf edib. Əslində Qarabağ üçün indi hər ay ağrılı-acılıdır. Həm Qarabağın, eynilə bütün Azərbaycanın acısız və xoş günləri üçün bir siyasi blokda birləşərək hakimiyyət uğrunda birlikdə mübarizə aparmağımızın böyük xidmətləri olacaq. Hakimiyyətə gəlmək uğrunda mübarizəmizdə bütün enerjimizi bu məqsədə sərf edəcəyik. Hər birimizə bu yolda böyük uğurlar arzulayıram", - partiya sədri vurğulayıb.
Sonda Azərbaycan Demokrat Partiyasi və Ümid partiyalarının sədrləri "Qarabağ" siyasi blokunun yaradılması haqqında" Sazişi imzalayıblar.
Sazişə əsasən, partiyalar 2013-cü il prezident, 2014-cü il bələdiyyə və 2015-ci il parlament seçkilərində birgə və vahid namizəd(lər)lə iştirak etmək öhdəliyi götürüblər.
Azərbaycan Demokrat Partiyası 1991-ci ildə Naxçıvan şəhərində təsis olunub. 14 mart 1993-cü ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Partiyanın ideologiyasının əsasında liberal-demokratik dəyərlər durur. Siyasi sistemdə sol mövqeyi təmsil edir. Partiyaın hazırki sədri SərdarCəlaloğludur.
Ümid Partiyası 1993-cü ildə təsis edilib. Partiyanın ilk sədri Əbülfət Əliyev olub. 2002-ci ildə partiya Vətəndaş Birliyi Partiyası (VBP) ilə birləşib. 2002-ci il dekabrın 15-də Ümid Partiyasının III Qurultayında partiyanın sədri İqbal Ağazadə seçilib.