...

İran Azərbaycan üçün yaxşı qonşu və tərəfdaşdır - XİN (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 7 Mart 2011 18:26 (UTC +04:00)

Birinci abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər 17:48-də dərc edilib)

İslam Respublikası Azərbaycan ilə həm etibarlı qonşu, həm də işgüzar tərəfdaş kimi hərtərəfli münasibətlərin genişləndirilməsinə əhəmiyyət verir. Bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi bazar ertəsi Tehranda İran-Azərbaycan hökumətlərarası birgə iqtisadi komissiyanın 8-ci iclası zamanı deyib. Məlumatı IRNA agentliyi yayıb.

İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və onu müşayiət edən şəxslər iştirak ediblər.

Görüş zamanı tərəflər iki ölkə arasında qarşılıqlı münasibətlər, eləcə də regiondakı vəziyyətlə bağlı digər məsələləri müzakirə ediblər.

Salehi qeyd edib ki, dini və mədəni baxımdan İran və Azərbaycan kimi biri-birinə oxşar cəmisi bir neçə ölkə var.

O əlavə edib ki, hər iki ölkənin prezidenti iki dövlət arasında əlaqələrin və əməkdaşlığın gələcəkdə genişləndirilməsinin labüdlüyünü müəyyənləşdiriblər.

İran XİN rəhbəri ümidvar olduğunu bildirib ki, anlaşma memorandumunun imzalanması hər iki ölkənin müxtəlif sahələrdə imkan və potensiallarından istifadəyə səbəb olacaq.

"İran Prezidenti Mahmud Əhmədinejadın Azərbaycana qarşıdakı səfəri ikitərəfli münasibətlərdə dönüş nöqtəsi olacaq və iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsini sürətləndirəcək", - Salehi qeyd edib.

O vurğulayıb ki, regional və beynəlxalq təşkilatlarda üzvlük iki xalqın maraqlarına zidd olmamalıdır.

"Azərbaycan İranın ən mühüm iqtisadi tərəfdaşı hesab edilir. Belə ki, cari ildə (İranda yeni il martın 20-si başlayır) mal dövriyyəsi 500 milyon dolları ötüb", - Salehi bildirib.

İran XİN rəhbərinin sözlərinə görə, İran-Azərbaycan hökumətlərarası birgə iqtisadi komissiyanın 8-ci iclası nəqliyyat, sənaye, kənd təsərrüfatı, neft-kimya, ətraf mühitin qorunması, təhsil, sanitariya və şəhər infrastukturunun genişləndirilməsi sahəsində qarşılqılı əməkdaşlığı genişləndirmək üçün yaxşı imkandır.

Salehi ümidvar olduğunu bildirib ki, görüş iki ölkə arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsində yeni başlanğıc olacaq.

Xəbər lenti

Xəbər lenti