...

Azərbaycanda kütləvi askiyalar keçirmək uğurlu siyasi yol deyil - müxalif partiya sədri

Siyasət Materials 18 Aprel 2011 17:24 (UTC +04:00)
Azərbaycanda kütləvi askiyalar keçirmək üsulu uğurlu siyasi yol deyil. Bu barədə bazar ertəsi Trend-ə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev İctimai Palatanın mitinq cəhdlərinə şərh verərkən deyib.
Azərbaycanda kütləvi askiyalar keçirmək uğurlu siyasi yol deyil - müxalif partiya sədri

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda kütləvi askiyalar keçirmək üsulu uğurlu siyasi yol deyil. Bu barədə bazar ertəsi Trend-ə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev İctimai Palatanın mitinq cəhdlərinə şərh verərkən deyib.

"Cəmiyyətlə, müxalifətçi yoldaşları ilə qeyri-səmimi davranmaq nəticəsiz bir şeydir. Hamı bilir ki, artıq aksiyalar keçirməklə müsbət nəticə əldə etmək mümkün deyil", - Əliyev əlavə edib.

Əliyev qeyd edib ki, onun sədri olduğu VİP və Liberal Partiyası (ALP) İctimai Palataya daxil olan partiyalara və digər müxalifət partiyalarına müxalifətin birlik modeli ilə bağlı təklif göndərmişdi.

"Bizim verdiyimiz təklif ölçülüb-biçilmiş, hadisələrin dinamikasına söykənən təklif idi. Lakin AXCP və Müsavat partiyaları həmin təklifə cavab vermədilər və aksiyalar keçirmək yolunu seçdilər. Biz əvvəlcədən görürdük ki, aksiyalar keçirməklə proseslərin dinamikasını sürətləndirmək mümkün deyil. Ola bilər ki, nə vaxtsa AXCP və Müsavat bizim təklifimizə cavab versinlər, ancaq həmin vaxt bizim cavabımız müvafiq situasiyaya uyğun olacaq", - Əliyev vurğulayıb.

Əliyev hesab edir ki, indi Azərbaycanda siyasi vəziyyət və şərait fərqlidir, ona görə də aksiyalar keçirməklə ölkədə siyasi divident əldə etmək mümkün deyil.

"Aksiya keçirmək üsulu davamlı olaraq gedilən, lənətlənmiş yoldur. Hər dəfə də bu cür hərəkətlərin sonunda müxalifət məğlub olur. Biz hesab edirik ki, hansısa xarici ölkədə baş verən hadisələrin təsiri altında deyil, ölkənin daxilindəki situasiyaya qiymət verib hərəkət etmək düzgündür", - partiya sədri deyib.

O bildirib ki, ALP və VİP-in təklif etdiyi yol fərqlidir və ölkə reallıqlarını özündə əks etdirir.

"Biz öz yolumuzla gedirik. Çalışacağıq ki, ətrafımızda koalisiya da formalaşdıraq. Siyasi mövqelərimizi bölüşən və siyasi görüşlərimiz üst-üstə düşən təşkilatlarla bir yerdə olmağı məqsədəuyğun hesab edirik. Bu yolda daxili təşkilatlanma işi birinci yerdə durur. Ən vacibi cəmiyyətin etimadını qaytarmaq prioritet məsələ olmalıdır", - Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti