...

Azərbaycanda viza siyasətinin təkmilləşdirilməsi sahəsində qəbul olunmuş yeni normativ-hüquqi aktlar effektiv nəticələrini göstərib - nazir müavini Nadir Hüseynov (MÜSAHİBƏ)

Siyasət Materials 22 Aprel 2011 11:05 (UTC +04:00)
Azərbaycanda viza siyasətinin təkmilləşdirilməsi sahəsində qəbul olunmuş yeni normativ-hüquqi aktlar effektiv nəticələrini göstərib - nazir müavini Nadir Hüseynov
Azərbaycanda viza siyasətinin təkmilləşdirilməsi sahəsində qəbul olunmuş yeni normativ-hüquqi aktlar effektiv nəticələrini göstərib - nazir müavini Nadir Hüseynov (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər nazirinin müavini Nadir Hüseynovun Trend-ə müsahibəsi

- Sizin fikrinizcə, yaxın perspektivdə Azərbaycan diplomatiyasının qarşısında hansı əsas vəzifələr durur?

- İlk olaraq qeyd etmək istərdim ki, Azərbaycan diplomatiyasının əsas vəzifələri Azərbaycan dövlətinin yürütdüyü xarici siyasətin əsas istiqamətlərinə və tələblərinə uyğun müəyyən edilir. Eyni zamanda, Azərbaycan diplomatiyasının, xüsusilə də Azərbaycan Xarici İşlər Nazirliyinin əsas vəzifəsi Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsinin təmin edilməsidir. Azərbaycan Respublikasının xarici siyasəti Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən həyata keçirilir.

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri üzrə təklifləri hazırlayaraq, Azərbaycan Prezidentinə təqdim edir. Öz növbəsində, Azərbaycan Prezidenti Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərini müəyyən edir.

Bildirmək istərdim ki, Azərbaycan diplomatiyasının yaxın perspektivdə əsas vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona verilmiş səlahiyyətlər çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin, təhlükəsizliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının, onun siyasi, iqtisadi, mədəni və digər maraqlarının, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində və dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həlli istiqamətində diplomatik üsul və vasitələrlə təmin edilməsindən, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına diplomatik üsul və vasitələrlə köməklik göstərilməsindən, Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin xarici ölkələrdə hüquq və maraqlarının müdafiə edilməsindən, beynəlxalq arenada Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi məqsədilə xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsindən, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında fəaliyyət göstərəcək yüksək keyfiyyətli kadrların hazırlanması və onlara əlavə təhsilin təşkil edilməsindən ibarətdir.

Eyni zamanda, Azərbaycan Xarici İşlər Nazirliyi son zamanlar Azərbaycan Respublikasının beynəlxalq təşkilatlarla siyasi, iqtisadi, sosial, elmi-texniki, mədəni və başqa sahələr üzrə əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə öz səylərini gücləndirməkdədir. Bir çox sahələrdə Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin gücləndirilməsi, birgə tədbirlərin həyata keçirilməsi, bir sıra sahələr üzrə Avropa standartlarının Azərbaycan Respublikasında uyğunlaşdırılması ilə nəticələnəcək Azərbaycan ilə Avropa İttifaqı arasında Assosiasiya Sazişinin imzalanması istiqamətində aparılan danışıqları buna nümunə kimi göstərmək olar.

- Azərbaycan XİN əvvəllər nazirlikdə ştat vahidlərinin artırılması ilə bağlı hökumətə müraciət etmişdi. Bu nədən irəli gəlir?

- Azərbaycan Xarici İşlər Nazirliyi ildən-ilə digər dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir və inkişaf etdirir. Nəticədə iş həcmi böyüyür, nazirlikdə yeni idarələr, şöbələr və sektorlar yaradılır. Eyni zamanda, bildiyiniz kimi, hər il xarici ölkələrdə Azərbaycan Respublikasının yeni diplomatik nümayəndəlik və konsulluqları açılır, mövcud Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında diplomatik və inzibati-texniki heyət üzvlərinin sayının artmasına ehtiyac yaranır. Bu səbəbdən Azərbaycan Xarici İşlər Nazirliyində və Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında diplomatik və inzibati-texniki heyət əməkdaşlarının sayının artmasına dair tələbatların cavablandırılması üçün Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Nazirlər Kabinetinə yeni ştat vahidlərinin ayrılması üçün müvafiq müraciət edilib.

- Yaxın perspektivdə Azərbaycanın xarici ölkələrdə yeni səfirliklərinin açılması nəzərdə tutulubmu?

- Azərbaycan ilə digər ölkələr arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, eləcə də xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və maraqlarının təmin edilməsi məqsədilə hər il bir neçə xarici ölkələrdə Azərbaycan Respublikasının yeni diplomatik nümayəndəlik və konsulluqları açılır. Son bir il ərzində Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində, Argentina, Estoniya və Xorvatiyada Azərbaycan Respublikasının səfirlikləri, Gürcüstanın Batumi şəhərində və Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu açılıb.

Fikrimcə, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqların sayı ildən ilə artmalıdır. Gələcəkdə Cənubi Afrika Respublikası, Braziliya Respublikası, İraq Respublikası və Vyetnamda Azərbaycan Respublikasının yeni səfirliklərinin fəaliyyətə başlanmasına dair ölkə rəhbərinin qərarı mövcuddur.

- Gənc diplomatların peşəkarlığı Sizi qane edirmi? Nazirlik onların peşəkarlıq səviyyəsinin artırılması üçün hansı tədbirləri planlaşdırır?

- Bildiyiniz kimi, 2005-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyinə işə qəbul test imtahanları vasitəsilə həyata keçirilir. Hazırda işə qəbul zamanı beynəlxalq hüquq və münasibətlər sahəsi üzrə ixtisaslaşmış və nadir dillərə yiyələnmiş gənclərə üstünlük verilir. Nəticədə, nazirlikdə çalışan bilikli və yüksək keyfiyyətlərə malik gənc diplomatların sayı artıb.

Eyni zamanda, bildirmək istərdim ki, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən gənc diplomatların peşəkarlığının artırılması məqsədilə bir sıra tədbirlər görülür. Nazirlik diplomatik xidmət orqanlarında fəaliyyət göstərəcək kadrların hazırlanması məqsədilə onlara əlavə təhsil proqramlarını təşkil edir. Azərbaycan Respublikasının gənc diplomatları tərəfimizdən mütəmadi olaraq Azərbaycan və xarici ölkələrdə təşkil edilən ixtisasartırma və dil kurslarına, müvafiq treninq, seminar və konfranslara göndərilir. Həmçinin, hər il bir neçə gənc diplomat təhsilinin artırılması üçün tərəfimizdən xarici ölkələrin qabaqcıl təhsil müəssisələrinə göndərilir.

Son 5 il ərzində Azərbaycan Diplomatik Akademiyası tərəfindən gənc diplomatların peşəkarlığının artırılması sahəsində görülmüş işləri xüsusilə vurğulamaq lazımdır. Azərbaycan Diplomatik Akademiyası Azərbaycan Xarici İşlər Nazirliyinin və digər dövlət orqanlarının beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərən struktur bölmələrini ixtisaslı kadrlarla təmin edən çoxpilləli elmi-tədris müəssisəsidir. Hazırda Azərbaycan Xarici İşlər Nazirliyinə işə qəbul olunmuş gənc diplomatlar Azərbaycan Diplomatik Akademiyasının Xarici Siyasət Proqramı tərəfindən təşkil olunan 6 aylıq təlim proqramına cəlb olunurlar. Həmin təlim proqramları bir neçə tədris sahələri, xüsusilə də beynəlxalq münasibətlər, ictimai diplomatiya, konsulluq işləri, beynəlxalq iqtisadiyyat və ticarət, liderlik və kommunikasiya qabiliyyətləri üzrə keçirilir və proqramın sonunda seçilmiş iştirakçılar Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarına bir aylıq təcrübəyə göndərilir. Azərbaycan Diplomatik Akademiyası tərəfindən proqram iştirakçıları üçün Azərbaycan bölgələrinə və hərbi hissələrinə səfərlər, debat məşğələləri, Azərbaycanın digər dövlət qurumlarının və Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinin, beynəlxalq təşkilatlarının nümayəndələri ilə görüşlər təşkil olunur.

- Bu gün Azərbaycan konsul məsələlərində daha çox hansı problemləri hiss edir?

- Azərbaycan Respublikasının diplomatik nümayəndəliklər və konsulluqlarının əsas fəaliyyət sahələrindən biri Azərbaycanın hüdudlarından kənarda yaşayan vətəndaşlarımızın, həmçinin soydaşlarımızın hüquq və mənafelərinin müdafiəsini təmin etməkdir. Xaricdə Azərbaycan Respublikasının vətəndaşları və soydaşlarımız ilə birbaşa təmasda olub, onların hüquqi müdafiəsini həyata keçirən diplomatik nümayəndəlik və konsulluqlarımız bunun üçün ilk növbədə vətəndaşlarımızın və soydaşlarımızın sayını və dislokasiya yerlərini müəyyənləşdirməli, onların konsul uçotuna götürülməsini təmin etməlidir. Lakin bu işə xüsusi maraq və həssaslıqla yanaşan Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları hazırda bu sahədə, yəni Azərbaycanın hüdudlarından kənarda yaşayan vətəndaşlarımızın konsul uçotuna alınması işində müəyyən çətinliklərlə üzləşirlər. Belə ki, faktiki olaraq minlərlə vətəndaşlarımızın yaşadığı ölkələrdə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında konsul uçotunda olan vətəndaşlarımızın sayı həddən artıq azdır. Təbii ki, bu vəziyyət bir sıra səbəblərlə izah edilə bilər. Məsələn, vətəndaşlarımızın konsul uçotuna alınmasında kifayət qədər maraqlı və ya bilikli olmaması, olduğu ölkənin coğrafi-ərazi quruluşunun çətinlikləri ilə əlaqədar diplomatik nümayəndəlik və konsulluqlarımıza gəlməkdən imtina etməsi və s.

Təəssüf hissi ilə qeyd edim ki, eyni zamanda, bu məsələ vətəndaşlarımızın hüquq müdafiəsi sahəsinə və konsullarımızın fəaliyyətinin digər sahələrinə mənfi təsir göstərir. Belə ki, hazırda xarici ölkələrdə yaşayan və insan alveri qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının, eləcə də xarici ölkələrin həbsxanalarında saxlanılan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının müdafiəsinin təşkili zamanı və xarici ölkələrdə təbii və texnogen qəzalar, habelə həmin ölkələrdə olan siyasi durum nəticəsində Azərbaycan Respublikasının vətəndaşları üçün təhlükə yarandıqda bu məsələ tam ciddiliyi ilə özünü büruzə verir.

Bunları nəzərə alaraq, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsul uçotuna alınması funksiyasının həyata keçirilməsində süni maneə yaradan halların təsirinin minimuma endirilməsi, vətəndaşlarımızın konsul uçotuna durma prosesinin asanlaşdırılması və buna həvəsləndirilməsi, ümumilikdə, prosesin intensivliyinin və operativliyinin təmin edilməsi məqsədilə hazırda tərəfimizdən bir sıra tədbirlər həyata keçirilməkdədir.

Fəaliyyətimizdə müəyyən çətinlik yaradan digər məsələ Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının mövcud və akkreditə olmadığı ölkələrdə yaşayan vətəndaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlıdır. Bir misal gətirim: 2010-cu ilin 10 yanvar tarixində Türkiyə Respublikasının "Mareks" şirkətinə məxsus "Premier" yük gəmisi 8 nəfər Azərbaycan Respublikası vətəndaşı olan heyət üzvü ilə birlikdə öncə Albaniyanın Dürres limanı yaxınlığında Adriatik dənizində (və daha sonra 14 mart 2010-cu il tarixində Xorvatiyanın Ploçe limanında) qəza vəziyyətinə düşmüşdü. Bildiyiniz kimi, Azərbaycan Respublikasının bu ölkədə diplomatik nümayəndəlik və konsulluğu mövcud deyil və eyni zamanda, digər ölkələrdəki heç bir diplomatik nümayəndəlik və konsulluğumuz bu ölkəyə akkreditə edilməyib. Bu səbəbdən bu hadisə zamanı Azərbaycan Xarici İşlər Nazirliyi müəyyən çətinliklə üzləşdi, lakin sonda nazirliyin Konsulluq İdarəsi tərəfindən məsələ ilə əlaqədar gəmidə olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə geri qaytarılması və əməkhaqqlarının (eləcə də onlara dəymiş zərərin) əldə edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi üçün Azərbaycanın Bolqarıstan, Avstriya və Türkiyədəki səfirlikləri, səfirliklərlə yanaşı Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası, gəmi heyəti və onların yaxınları ilə operativ əlaqələr quruldu və problemin qısa müddətdə həll edilməsi üçün bir sıra tədbirlər həyata keçirildi, nəticədə gəmi heyətinin Azərbaycan Respublikası vətəndaşı olan 4 üzvünün onların xahişi ilə 01 aprel 2010-cu il tarixində Azərbaycan Respublikasına qaytarılmasına nail olundu.

Günümüzün əsas reallıqlarından biri də, bir sıra xarici ölkələrdə müxtəlif səbəblərdən qanunsuz yaşayan Azərbaycan Respublikası vətəndaşları ilə bağlıdır. Təbii olaraq, bu kateqoriyadan olan vətəndaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı konsullarımız müvafiq çətinliklərlə üzləşirlər.

Bununla yanaşı, müvafiq problemlərin həlli istiqamətində bu gün dövlət orqanlarının qarşılıqlı və sistemli birgə fəaliyyəti həyata keçirilir. Belə ki, xaricdə qanunsuz halda yaşayan Azərbaycan vətəndaşlarının ölkəmizə geri qaytarılması, onların reabilitasiyası və yerləşdirilməsi, eyni zamanda, Azərbaycanda qeyri-qanuni yaşayan əcnəbilərin öz ölkələrinə qaytarılması məsələlərinin hərtərəfli həll edilməsi məqsədilə həmin ölkələrlə imzalanması nəzərdə tutulan readmissiya haqqında saziş layihələri hazırlanmaqdadır.

Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının konsulluq sahəsində fəaliyyətinin müzakirəsi, mövcud çətinliklərin aşkarlanması, təhlili və aradan qaldırılması, digər dövlət orqanlarının konsulluq işinə dair irad və təkliflərinin müzakirəsi məqsədilə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən hər iki ildən bir Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının konsulluq məsələləri üzrə məsul əməkdaşlarının müşavirəsi keçirilir.

Əlavə edim ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının fəaliyyətinin daha mükəmməl təşkil edilməsi məqsədilə tərəfimizdən diplomatik xidmət orqanlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində iş aparılır.

- Bakıda akkreditə olunmuş xarici səfirliklərin qeyri-obyektiv səbəblərə görə viza verməkdən imtina etdikləri Azərbaycan vətəndaşlarının problemləri necə həll olunur?

- Bildiyiniz kimi, son illər ölkəmizdə siyasi, sosial-iqtisadi, mədəni, miqrasiya və bu kimi digər sahələrdə ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu islahatlarla əlaqədar Azərbaycan Respublikası vətəndaşlarının sosial rifahı yüksəlib və nəticədə xarici ölkələrə işgüzar, təhsil, turizm və digər məqsədlərlə səfər edən vətəndaşlarımızın sayı artıb. Xarici ölkələrə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə ilk olaraq səfər edəcəyi ölkələrin diplomatik nümayəndəlik və konsulluqları tərəfindən viza verilməlidir. Bəzi hallarda xarici ölkələrin Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqları müvafiq vizaların verilməsindən imtina edir. Bunu onlar öz ölkəsinin miqrasiya siyasətinin tələbləri, viza üçün tələb olunan sənədlərin düzgün tərtib edilməməsi, əvvəllər müraciət etmiş şəxslərin həmin ölkələrdə miqrasiya qanunlarını pozması ilə əsaslandırırlar. Bəzən isə viza almaq məqsədilə müraciət etmiş Azərbaycan Respublikası vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə texniki səhvlər səbəbindən vizaların verilməsindən imtina edilir.

Xarici ölkələrin Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqları Azərbaycan vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə obyektiv olmayan səbəblərdən viza vermədikdə həmin şəxslər Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edirlər. Bu halda tərəfimizdən Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqlarının nümayəndələri ilə obyektiv olmayan səbəblərdən viza verilməsindən imtina edilməsi faktlarının aydınlaşdırılması və araşdırılması məqsədilə müvafiq görüşlər keçirilir. Eyni zamanda, Azərbaycan Xarici İşlər Nazirliyi xarici ölkələrin diplomatik nümayəndəlik və konsulluqları tərəfindən vizaların verilməsindən imtina edilməsi ilə bağlı Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər tərəfindən daxil olmuş müraciətlər əsasında vətəndaşlarımızın maraqlarının qorunması məqsədilə rəsmi olaraq imtina etmiş diplomatik nümayəndəlik və konsulluqlarına müraciət edirik.

- Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci ilin Azərbaycanda "Turizm ili" elan edilməsi haqqında sərəncam imzalayıb. Bununla əlaqədar xarici vətəndaşlara turist vizalarının verilməsi qaydalarının sadələşdirilməsi gözlənilirmi?

- Azərbaycan Prezidenti 15 fevral 2011-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurətini nəzərə alaraq, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədilə 2011-ci ili Azərbaycan "Turizm ili" elan edib.

Sözügedən sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının dövlət qurumları turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması məqsədilə müvafiq tədbirlər həyata keçirməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi xarici ölkələrdə "Turizm ili" ilə bağlı təbliğat işlərinin təşkil olunması və turizm məqsədilə Azərbaycan Respublikasına səfər edən şəxslərin sayının artırılması üçün onlara viza rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsinə hazırlaşır. Belə ki, gələcəkdə turizm məqsədilə Azərbaycana səfər etmək istəyən əcnəbilər viza almaq üçün elektron qaydada Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarına müraciət edə biləcək. Eyni zamanda, "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həmin vizaların rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulur. Nəticədə viza alınması məqsədilə daxil olmuş müraciətlər ən çoxu 15 gün müddət ərzində baxılaraq cavablandırılacaq.

Əlavə olaraq bildirmək istərdim ki, turizm məqsədilə Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə sadələşdirilmiş qaydada vizaların rəsmiləşdirilməsi və vizasız gediş-gəliş rejiminin müəyyən edilməsi üçün tərəfimizdən bir sıra ölkələrlə müvafiq ikitərəfli müqavilələrin imzalanması istiqamətində danışıqlar davam etdirilir.

- Bu yaxınlarda Azərbaycan XİN vizaların verilməsi qaydalarında düzəlişlər edib. Bu düzəlişlər nə dərəcədə effektli olub?

- Bildiyiniz kimi, Azərbaycan Prezidentinin 326 saylı, 13 sentyabr 2010-cu il tarixli "Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında" fərmanı ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza alınması üçün ərizə ilə birbaşa Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edə biləcəyi hallar müəyyən edilib. Həmin fərmanda qeyd olunmuş hallarda Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizanın alınması məqsədilə birbaşa Heydər Əliyev adına beynəlxalq hava limanında fəaliyyət göstərən konsulluq şöbəsinə müraciət edə bilərlər. Fikrimcə, ölkəmizdə viza siyasətinin təkmilləşdirilməsi sahəsində qəbul olunmuş yeni normativ-hüquqi aktlar çox böyük əhəmiyyətə malikdir və qısa zaman ərzində öz effektiv nəticələrini göstərib.

Xəbər lenti

Xəbər lenti