Azərbaycan, Bakı, 6 may /Trend, müxbir S.Ağayeva/
Andorranın Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə təşkilatın ofisində bir sıra qabaqcıl Andorra şirkətləri üçün Azərbaycanın sərmayə və ticarət imkanları barədə təqdimat keçirilib. Bu barədə cümə günü Trend-ə Azərbaycanın İspaniyadakı səfirliyindən məlumat verilib.
Tədbirdə 30-dan çox infrastruktur, mühəndislik-tikinti, o cümlədən dağ-mədən mühandisliyi şirkətləri, turizm, xizək kurortları, İT, səhiyyə kimi sahələrdə çalışan Andorra şirkətləri və yerli KİV nümayəndələri iştirak ediblər.
Ölkəmiz, onun makroiqtisadi göstəriciləri, inkişaf templəri, geostrateji əhəmiyyəti, neft sənayesi və onun tarixi, həyata keçirilən iri layihələri, əsas tərəfdaşları və digər vacib məlumatları tədbir iştirakçılarına təqdim edən Azərbaycanın İspaniyadakı və Andorradakı səfiri Altay Əfəndiyev Andorra ilə əməkdaşlığın qurulması üçün turizm, turistlərin qarşılıqlı mübadiləsi, turizm sahəsində təhsil, xüsusilə də xizək turizmi, dağ yerlərində kənd təsərrüfatı, infrastruktur, dağ-mədən mühəndisliyi kimi sahələri qeyd edib.
Dünyanın bir çox ölkəsinin şirkətlərinin Azərbaycanda iri layihələr həyata keçirdiyini vurğulayan səfir, Andorra şirkətlərinin ölkəmizlə demək olar ki, əməkdaşlıq etmədiklərini təəssüflə qeyd edib, onları daha fəal olmağa, ölkədə elan olunan beynəlxalq tenderləri izləməyə, səfirliklə bu sahədə sıx əməkdaşlıq etməyə dəvət edib.