...

Yeni Azərbaycan Partiyası Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini qərəzli və qeyri-obyektiv hesab edir

Siyasət Materials 13 May 2011 20:11 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Avropa Parlamentinin Azərbaycana dair qətnaməsi ilə bağlı bəyanat verib.
Yeni Azərbaycan Partiyası Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini qərəzli və qeyri-obyektiv hesab edir

Azərbaycan, Bakı, 13 may /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) Avropa Parlamentinin Azərbaycana dair qətnaməsi ilə bağlı bəyanat verib.

YAP-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bəyanatda deyilir ki, Azərbaycan ilə Avropa arasındakı əməkdaşlığın çox böyük potensialına və indiki yüksək səviyyəsinə baxmayaraq, Avropa Parlamentinin 12 may 2011-ci il tarixli sessiyasının plenar iclasında qəbul edilmiş qətnamədə bir sıra həqiqətə uyğun olmayan müddəaların yer alması ölkə ictimaiyyəti tərəfindən dərin təəssüf hissi ilə qarşılanıb. Qətnamədə Azərbaycanda söz və mətbuat azadlığı, həmçinin sərbəst toplaşmaq hüququnun pozulması ilə bağlı fikirlər qətiyyən obyektiv vəziyyəti əks etdirmir. Ölkəmizdə qeyd olunan hüquq və azadlıqlar konstitusion təminat altındadır və digər qanunvericilik aktları ilə dəstəklənir. Habelə qətnamədə siyasi məhbus və siyasi baxışlarına görə insanların həbs olunması müddəası da həqiqətə uyğun deyil və obyektiv araşdırma aparılmadan sənədə daxil edilib.

"Avropa Parlamentində heç bir araşdırmaya və ciddi əsaslara söykənməyən qətnamənin qəbul edilməsi qurumun ikili standartlar mövqeyinə istinad etdiyindən, Avropa İttifaqı ilə Azərbaycan arasında geniş əməkdaşlıq imkanlarının ötəri maraqlara qurban vermək istəyindən xəbər verir. Belə bir qərəzli və qeyri-obyektiv qətnamənin qəbul edilməsi Avropa Parlamentinin sədrinin Azərbaycana səfəri ərəfəsinə təsadüf etməsi xüsusilə düşündürücüdür və heç bir halda nə Avropa İttifaqının, nə də Azərbaycanın maraqlarına xidmət etmir. Avropa İttifaqı ilə Azərbaycan arasında çoxtərəfli əməkdaşlıq əlaqələrinin genişləndiyi bir zamanda ölkəmizə qarşı uydurma ittihamlarla dolu qətnamənin qəbul edilməsinin sözügedən əməkdaşlığın perspektivlərini əngəlləmək məqsədi güddüyü açıq-aşkar görünməkdədir", - bəyanatda deyilir.

Yeni Azərbaycan Partiyası bəyanatında Avropa Parlamentinin Azərbaycanda real vəziyyətin kobud şəkildə təhrif olunması məqsədi güdən iradlarını qətiyyətlə rədd edir və sözügedən qurumun obyektiv yanaşma əsasında həqiqəti olduğu kimi əks etdirmək üçün səy göstərəcəyinə ümidvar olduğunu bildirir.

Xəbər lenti

Xəbər lenti