Azərbaycan, Bakı, 17 may /Trend, müxbir S.Ağayeva/
Qazaxıstanın yeni xarici işlər naziri Yerjan Kazıxanov Azərbaycana səfərə dəvət edilib. Xarici işlər naziri Elmar Məmmədyarovun adından dəvəti Azərbaycanın bu ölkədəki səfiri Zakir Həşimov təqdim edib. Bu barədə Trend-ə diplomatik missiyadan məlumat verilib.
Görüşdə nazir və Azərbaycan səfiri əməkdaşlığın yaxşı səviyyədə olduğunu qeyd ediblər və onun perspektivlərini müzakirə ediblər.
Tərəflər ilin ikinci yarısında Azərbaycan Prezidentinin Qazaxıstana səfərinin hazırlığını, eləcə də iki ölkənin regional əməkdaşlıq məsələlərini və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı da müzakirə ediblər.
Azərbaycan səfiri Qazaxıstan XİN rəhbərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi haqqında da məlumat verib.
Azərbaycanlı həmkarının Azərbaycana səfər etmək dəvətini qəbul edən Qazaxıstan XİN rəhbəri qeyd edib ki, Qazaxıstan həmişə Azərbaycanı dəstəkləyib və onun yanında olacaq.
Kazıxanov Azərbaycanı "Eurovision 2011" müsabiqəsində qələbə münasibətilə də təbrik edib.