Mayın 17-də Azərbaycan-Çexiya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Çexiya Prezidenti Vatslav Klaus mətbuata bəyanatlarla çıxış ediblər . Məlumatı Prezidentin rəsmi saytı yayıb.
" Hörmətli cənab Prezident! Hörmətli qonaqlar, xanımlar və cənablar!
Bir daha deyirəm, xoş gəlmisiniz. Bu, ölkəmizə Sizin ilk rəsmi səfərinizdir. Əminəm ki, səfərin müsbət nəticələri olacaqdır. Biz ikitərəfli gündəlikdə duran mövzular, regional məsələlər, o cümlədən Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üzrə geniş müzakirələr apardıq. Tərəflər arasında yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur. Ölkələrimiz arasında siyasi münasibətlər uğurla inkişaf edir. Çexiya Respublikası Prezidentinin Azərbaycana rəsmi səfəri daha da güclənən siyasi dialoqun göstəricisidir və digər sahələrdə də münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı imkan yaradır. İqtisadi əlaqələrin inkişafına hər iki tərəf böyük maraq göstərir. Bu gün biz Çexiya-Azərbaycan biznes forumunda iştirak edəcəyik. Bilirəm ki, Çexiya iş adamlarından ibarət böyük nümayəndə heyəti cənab Prezidenti müşayiət edir. Əminəm ki, işgüzar dairələr birgə işləmək üçün bir çox imkanlar əldə edəcək, sərmayə və birgə layihələrin həyata keçirilməsi imkanlarını araşdıracaqlar ", - Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında deyib.
Prezident deyib ki, münasibətlərimizin, həmçinin regional ölçüsü də var.
" Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, həmçinin ikitərəfli münasibətlərimizin bir hissəsidir. Biz Çexiya tərəfinə Avropa İttifaqı- Azərbaycan tərəfdaşlığına verdiyi dəstəyə görə olduqca minnətdarıq. Hazırda biz " Şərq Tərəfdaşlığı " Proqramında iştirak edirik və ümidvarıq ki, bu proqram nəticəsində Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər daha da sıx olacaqdır. Enerji əməkdaşlığımız ikitərəfli gündəliyimizin bir hissəsidir. Çox şadıq ki, Azərbaycanın karbohidrogen resursları artıq Çexiya Respublikasının bazarına çıxarılır. Ümidvarıq ki, bu əməkdaşlıq növbəti illərdə daha da artacaqdır. Hazırda biz neft ixrac edirik, lakin gələcəkdə qaz sektorunda da əməkdaşlıq ikitərəfli münasibətlərimizin bir hissəsi olacaqdır. Xüsusilə nəzərə alsaq ki, bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında " Cənub " qaz dəhlizi haqqında birgə Bəyannamə imzalandı. Avropanın enerji təhlükəsizliyi və Avropa ilə enerji əməkdaşlığı Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığının gündəliyində daim duran məsələlərdir.
Bu gün biz, həmçinin regional məsələləri, o cümlədən regional əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə etdik. Mən cənab Prezidentə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və danışıqlar prosesi haqqında məlumat verdim. Uzun illərdir ki, Azərbaycan əraziləri işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində 1 milyon azərbaycanlı qaçqın vəziyyətinə düşüb və ərazimizin 20 faizi 20 ildir ki, işğal altındadır. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində erməni silahlı qüvvələrinin ərazilərimizdən qeyd-şərtsiz və dərhal çıxarılması tələb edilir. Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunmamış qalır. ATƏT-in qərarları, Avropa Parlamentinin, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qətnamələri eyni tərzdədir və eyni məna daşıyır. Münaqişə beynəlxalq hüququn normaları əsasında həll olunmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bundan sonra regionda sülh bərqərar olunacaqdır. Yenə də təkrar etmək istəyirəm ki, mən cənab Prezidentə danışıqlar prosesi haqqında məlumat verdim. Ümidvar olduğumu bildirdim ki, münaqişə beynəlxalq hüququn normaları əsasında öz həllini tapmalıdır ", - dövlət başçısı əlavə edib.
İlham Əliyev deyib ki, ölkələr arasında münasibətlər çox müsbətdir.
" Münasibətlərimiz olduqca güclü tərəfdaşlıq ruhunda inkişaf edir. Əminəm ki, cənab Prezidentin səfəri və səfərin nəticələri bu tərəfdaşlığı gücləndirəcək, biz tərəfdaşlıq və dostluğu daha da inkişaf etdirəcəyik. Cənab Prezident, bir daha xoş gəlmisiniz ", - dövlət başçısı qeyd edib.
Foto - Azərbaycan Prezidentinin rəsmi saytı