...

Avropa Parlamenti və Azərbaycan ümumi dəyərlərə malikdir - Yerji Buzek

Siyasət Materials 20 May 2011 14:33 (UTC +04:00)
Avropa Parlamenti və Azərbaycan ümumi dəyərlərə malikdir. Bunlar demokratiya, insan haqlarının təminatıdır. Lakin bizi insan haqları, söz, toplaşma azadlığı sahəsində bir sıra məsələlər narahat edir.
Avropa Parlamenti və Azərbaycan ümumi dəyərlərə malikdir - Yerji Buzek

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir M.Əliyev/

Avropa Parlamenti və Azərbaycan ümumi dəyərlərə malikdir. Bunlar demokratiya, insan haqlarının təminatıdır. Lakin bizi insan haqları, söz, toplaşma azadlığı sahəsində bir sıra məsələlər narahat edir. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda jurnalistlərə Avropa Parlamentinin rəhbəri Yerji Buzek bildirib.

"Azərbaycanın Milli Məclisi və Avropa Parlamenti ilk növbədə Avronest çərçivəsində həyata keçiriləcək yaxşı inkişaf perspektivlərinə malikdirlər, iqtisadi sahədə də əməkdaşlığı genişləndirməliyik", - Buzek bildirib.

Avropa Parlamentinin Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı qəbul etdiyi qətnaməyə toxunan Buzek qeyd edib ki, Azərbaycan Avropa Parlamenti qarşısında öhdəliklər götürüb və qəbul olunan qətnamə də bununla əlaqədardır. "Biz heç vaxt Azərbaycandan üzərinə götürdüyü öhdəliklərdən artıq heç nə tələb etməmişik", - o deyib.

"Səfərim Avropa Parlamentinin mövqeyinin ifadə edilməsi baxımından çox vacibdir və əgər biz əlaqələrimizin möhkəmlənməsini istəyiriksə, onda fəaliyyətimizi sistemləşdirməliyik", - Buzek deyib.

Cümə günü Avropa Parlamentinin prezidenti Yerji Buzekin Bakıya səfəri başlayıb.

Səfər çərçivəsində Buzek Milli Məclisin spikeri Oqtay Əsədovla, vətəndaş cəmiyyətinin və müxalifət partiyalarının nümayəndələri ilə görüşlər keçirir.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Buzek qeyd edib ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. "Regiondakı vəziyyət əlverişli deyil və biz dondurulmuş münaqişələrin həllinə öz dəstəyimizi göstərməyə hazırıq, lakin Avropa Parlamenti olaraq biz insan haqları, söz azadlığı məsələlərinə daha çox diqqət yetiririk", - o deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti