...

Azərbaycanın millət vəkili bir sıra ölkələrin nazir və deputatları ilə görüşüb (FOTO)

Siyasət Materials 1 İyun 2011 11:08 (UTC +04:00)
Azərbaycanın millət vəkili Qənirə Paşayeva bir sıra ölkələrin nazir və deputatları ilə görüşüb.
Azərbaycanın millət vəkili bir sıra ölkələrin nazir və deputatları ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın millət vəkili Qənirə Paşayeva bir sıra ölkələrin nazir və deputatları ilə görüşüb.

Trend-in məlumatına görə, millət vəkili, AŞPA-nın Gender bərabərliyi komitəsinin üzvü Qənirə Paşayeva İsrailin Hayfa şəhərində "Elm, texnologiya və innovasiya: Qadın və qızlar üçün təhsil və treyninq" Qadın Liderlərin Beynəlxalq Konfransı çərçivəsində Gürcüstan parlamentinin vitse-spikeri Rusudan Kervalişvili, Kamerunun qadın və ailələrin müdafiəsi naziri Abena Ondoa Nee Mari Terez, Efiopiyanın ailə, uşaq və gənclər məsələləri naziri Zenebu Tadesse, Bolqarıstan parlamentinin deputatı Meqlena Pluqtsçieva-Aleksandrova ilə görüşüb.

Azərbaycanlı millət vəkili görüşlər zamanı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Paşayeva bir milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulması, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. Millət vəkili Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi zaman minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsi, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirməsi, bu gün də onlarla azərbaycanlının Ermənistanda əsir və girov saxlanılması barədə məlumatlar verib. Paşayeva Ermənistanın bu gün də işğal etdiyi Azərbaycan torpaqlarında qurduqları hərbi mövqelərindən atəşkəs rejimini pozaraq sivil insanları, qadınları, uşaqları snayperlərlə hədəfə alaraq qətlə yetirməsi kimi vandalizm aktlarını da onların diqqətinə çatdırıb.

Deputat Ermənistan Silahlı Qüvvələrinin 8 mart Beynəlxalq Qadınlar Günündə Ağdam rayonunun 9 yaşlı sakini, anasının tək övladı olan Fariz Bədəlovun snayperlərlə hədəfə alınaraq qətlə yetirməsi kimi insanlıqdan kənar addımları barədə də ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyirçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Millət vəkili onlara Azərbaycan həqiqətlərinə dair çoxlu sayda materiallar, kitablar və sənədli filmlər də təqdim edib.

Paşayeva görüş zamanı onları Azərbaycana da dəvət edib.

Xəbər lenti

Xəbər lenti