Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir M.Əliyev/
Bazar günü keçirilən hərbi paradda Azərbaycan Ordusu Avropanın ən güclü ordularının təsirini bağışlayırdı. Bu barədə Trend-ə şənbə günü Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, Silahlı Qüvvələrin ayrı-ayrı bölmələrinin yüksək səviyyəli intizamı nümayiş olundu və parada çox güclü hazırlıq işlərinin aparıldığı hiss edilirdi.
Bakıda bazar günü Silahlı Qüvvələr Günü və dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə hərbi parad keçirilib.
"Üç il bundan qabaqkı paradla müqayisədə yeni texnikanın - raketlərin, atıcı silahların, döyüş texnikasının - nümayiş etdirilməsinin, onların texniki xarakteristikasına dair yeniliklərin şahidi olduq", - Mirzəzadə qeyd edib.
O həmçinin bildirib ki, hərbi təyyarələrin və vertolyotların sayı xeyli artıb.
"İstənilən döyüş şəraitində bu texnika və hazırlıqla Azərbaycan Ordusunun manevr imkanlarının kifayət qədər geniş olduğu görünür", - parlament komitəsi sədrinin müavini vurğulayıb.
Onun sözlərinə görə, paradı izləyən xarici ölkə səfirlərinin və hərbi attaşelərinin böyük marağı və onların çox böyük təəssürat altında olduqları hiss olunurdu.
Millət vəkili hesab edir ki, Azərbaycan Ordusu üzərinə qoyulan bütün vəzifələrin yerinə yetirilməsinə artıq tam hazırdır.
Hərbi paradda Silahlı Qüvvələrin 6 min nəfərlik şəxsi heyəti, 400-ə qədər hərbi texnika və silah sistemləri, o cümlədən 50-yə yaxın modernləşdirilmiş hərbi döyüş texnikası, Azərbaycanda istehsal olunan və modernləşdirilən 60-a yaxın silah, 14 zirehli transpartyor, 35 döyüş vertolyotu, 22 döyüş, 8 təlim-məşq təyyarəsi, 28 gəmi, kater və digər növlər nümayiş etdirilib.