...

Milli Məclisdə BMT nümayəndələri ilə görüş olub

Siyasət Materials 8 İyul 2011 18:16 (UTC +04:00)
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində Azərbaycanda səfərdə olan Asiyanın, Afrikanın və Okeaniyanın 11 ölkəsinin BMT yanında daimi nümayəndəliklərinin əməkdaşları ilə görüş keçirilib.
Milli Məclisdə BMT nümayəndələri ilə görüş olub

Azərbaycan, Bakı, 8 iyul /Trend/

İyulun 8-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində Azərbaycanda səfərdə olan Asiyanın, Afrikanın və Okeaniyanın 11 ölkəsinin BMT yanında daimi nümayəndəliklərinin əməkdaşları ilə görüş keçirilib.

Trend-in Milli Məclisin internet saytına istinadən verdiyi məlumata görə, komitə sədri Səməd Seyidov inkişaf etməkdə olan Azərbaycanın regionda böyük rol oynadığını vurğulayıb.

Deputatımız ölkəmizin iyirmi faiz ərazisinin Ermənistan tərəfindən işğalı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar, o cümlədən prezidentlərin Kazan görüşü barədə iclas iştirakçılarını ətraflı məlumatlandırıb.

Deputatlardan komitə sədrinin müavini Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Cavanşir Feyziyev, Asim Mollazadə və başaqları çıxış edərək regionda baş verən proseslər və Dağlıq Qarabağ münaqişəsi barədə danışıblar.

Millət vəkilləri erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılmasına dair BMT Təhlükəsizlik Şurasının qətnamələrinin uzun illər yerinə yetirilməməsindən təəssüfləndiklərini bildiriblər.

Milli Məclisin deputatları Asiyanın, Afrikanın və Okeaniyanın 11 ölkəsinin BMT yanında daimi nümayəndəliklərinin əməkdaşlarının Azərbaycana səfərlərini yüksək qiymətləndirərək, bu cür səfərlərin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın inkişafına təkan verəcəyinə əminliklərini ifadə ediblər.

Qonaqlar adından çıxış edən Dominikan Birliyinin BMT-dəki daimi nümayəndəsi Azərbaycana gələn nümayəndə heyətinin bu ölkə ilə əyani tanışlığını yüksək qiymətləndirərək deyib: "Biz Azərbaycanın siyasi, iqtisadi, mədəni, sosial həyatı ilə yaxından tanış olduq. Düşünürük ki, bu cür səfərlərin təşkili Azərbaycanın bu ölkələrlə ikitərəfli münasibətlərinin inkişafında mühüm rol oynayacaq. Azərbaycan sürətlə inkişaf edir. Biz hesab edirik ki, Azərbaycanın üzləşdiyi problem - Dağlıq Qarabağ münaqişəsi də tezliklə öz ədalətli həllini tapacaq".

Xəbər lenti

Xəbər lenti