Azərbaycan, Bakı, 11 iyul /Trend/
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bazar ertəsi ölkəmizdə səfərdə olan Rumıniyanın hakim Demokrat Liberal Partiyasının nümayəndələri ilə Azərbaycan və Rumıniyanın partiyaları, parlamentləri və vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin inkişaf perspektivlərini müzakirə edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Görüşdə Azərbaycanın Avropaya inteqrasiya etdiyini vurğulayan birinci vitse-spiker bu sahədə Rumıniyanın təcrübəsinin bizim üçün önəmli olduğunu bildirib. O, Azərbaycanın Rumıniya ilə əlaqələrin hərtərəfli inkişafına böyük maraq göstərdiyini bildirib, hər iki ölkənin hakim partiyaları arasındakı münasibətlərin genişləndirilməsinin əhəmiyyətini qeyd edib
Görüşdə Rumıniya nümayəndə heyətinin rəhbəri, Buxarest şəhərinin 2-ci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyasının sədr müavini Nekulay Ontsanu 2004-2011-ci illərdə iki dövlət arasında 50-yə yaxın sənədin imzalandığını qeyd edərək, mədəni sahədə əlaqələrin inkişafını yüksək qiymətləndirib.
Ontsanu ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini, Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdar olduğunu söyləyib.
Görüşdə siyasi partiyalar, parlamentlər, eləcə də vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.