...

Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ Türkiyə üçün qanayan bir yaradır

Siyasət Materials 28 İyul 2011 00:59 (UTC +04:00)
iyulun 27-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı
Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ Türkiyə üçün qanayan bir yaradır

Dağlıq Qarabağ mövzusundakı mövqeyimiz, düşüncəmiz, mübarizəmiz - hər şeyimiz Azərbaycan üçün Dağlıq Qarabağ mövzusu necə bir qanayan yaradırsa, bilinməlidir ki, bizim üçün də elə qanayan bir yaradır, bunu iyulun 27-də geniş tərkibdə görüşdən sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında bəyanatı zamanı bildirib.

"Bundan fərqli bir düşüncə bizdə əsla ola bilməz. Bu məsələni də sona qədər təqib edirik və bundan sonra da təqib etməkdə davam edəcəyik", Ərdoğan çıxışında bildirib.

"Bildiyiniz kimi, 12 iyun 2011-ci il tarixində biz millət vəkili seçkilərini həyata keçirdik. Ənənəvi olaraq seçkilərdən sonra Türkiyə Respublikasında hakimiyyətə gələn iqtidar ilk səfərlərini ya Azərbaycana, ya da Şimali Kipr Türk Respublikasına edirlər. Bu, bizim ənənəmizdir.

Bu il də biz seçkilərdən sonra 1974-cü ildən bəri 37-ci ildönümünü qeyd etdiyimiz Şimali Kipr Türk Respublikasının müstəqillik mübarizəsinin 20 iyula təsadüf etdiyi üçün ilk səfərimizi oraya, ikinci xarici səfərimizi bu gün Azərbaycana həyata keçirdik.

Dəyərli qardaşımla təkbətək görüşdə ikitərəfli əlaqələrimizi ətraflı nəzərdən keçirmək fürsətimiz oldu, regional məsələləri nəzərdən keçirmək imkanımız oldu. Xüsusilə, gündəliyimizin əsas maddələrindən biri olan enerji məsələlərini müzakirə etdik", Türkiyənin Baş naziri bildirib.

Ərdoğan deyib ki, bundan sonrakı proses istiqamətində atacağımız addımlar içərisində xüsusilə Türkiyə-Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının toplantısı da həqiqətən həyəcanla gözlədiyimiz toplantı olacaqdır.

"Xarici işlər nazirlərimiz öz aralarında görüşməklə ilk addımı atacaq, inşallah, genişmiqyaslı bir toplantını həyata keçirmiş olacağıq.

2010-cu ildə xarici ticarət dövriyyəsi təxminən 2,5 milyard dollar olmuşdur. Ancaq bu ilin ilk beş ayında bu göstərici 1,4 milyard dollara çatmışdır. Bu gedişlə, inşallah, bu ilin sonunda 3 milyard dollara çata bilərik.

Bütün bunlarla yanaşı, Türkiyə-Azərbaycan əlaqələrində təbii qaz xətti, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, inşallah, "Şahdəniz-2" ilə bağlı atılacaq addımlar iki qardaş ölkənin strateji addımı olacaqdır. Bu məsələdə də qardaşımla aramızdakı razılığımız açıq-aşkar ortadadır. Məsələ ilə əlaqədar biz müzakirələr apardıq və enerji nazirlərimiz də fəaliyyətlərini davam etdirəcəklər.

Təbii ki, bütün bununla bərabər hörmətli Prezidentin ifadə etdiyi kimi, həqiqətən Qars-Tbilisi-Bakı dəmir yolu xətti böyük əhəmiyyət kəsb edir. Bunun davamı vardır. Bu, işin ilk mərhələsidir və biz onu daha da irəliyə - Orta Asiyaya çatdırmağı hədəf qoymuşuq. Belə bir hədəf, belə bir böyük layihə, hazırda onun məmnunluq doğuran bir sürətlə həyata keçirilməsi də bizi strateji olaraq bir-birimizə bağlayır. Bunu da ifadə etməyi lazım bilirəm.

Bir az əvvəl dəyərli qardaşımın xüsusilə son dönəmdəki şəhidlərimiz və PKK terror təşkilatı ilə bağlı söylədiyi fikirlərinə görə millətim adından təşəkkür edirəm. Bu, təbii ki, bizim qardaşlığımızın, birliyimizin ən gözəl ifadəsidir. Buna heç kim şübhə etməməlidir. Sadəcə bir ölkədə deyil, əslində, dünyada terror təşkilatlarına qarşı birgə mübarizə aparılmalıdır, birgə mübarizə platformasının formalaşdırılması lazımdır.

Son günlərdə Norveçdəki hadisəni görürük. Yəni bir nəfərin 93 nəfərin həyatına qəsd etməsini sadəcə dəlilik və ya adi bir hadisə kimi dəyərləndirmək yanlışdır. İllərlə islamofobiya deyə ortaya çıxanlar, buna əhəmiyyət verməyənlər hazırkı hadisələr qarşısında hələ də deyilməli olanları deyə bilmirlər. Məsələni nə qədər gizlədirlər gizlətsinlər, bu, onu göstərir ki, baş verənlər onların korazehinliyinin əvəzidir. Bəlkə orada bizim də bir qızımız həlak oldu. Dünən anası və atası ilə danışdım, hələ də bir ümid gözləyirlər, qızlarını gözləyirlər. Biz də ümid edirik ki, inşallah, ölməmişdir, inşallah, anasına, atasına, eləcə də millətimizə qovuşar, amma ölmüşdürsə, ona Allahdan rəhmət diləyirəm.

Bütün bunlar bizə bir şeyi göstərir ki, biz dünyadakı bu hadisələr qarşısında əl-ələ verəcəyik. Türkiyənin bu məsələdəki sıxıntısı, inanıram ki, Azərbaycanın sıxıntısıdır. Azərbaycanın terrorla bağlı belə bir sıxıntısı olsa, bizim sıxıntımızdır. Əl-ələ verərək bu mərhələləri, inşallah, aşacağıq.

Sahibkarlarımızın Azərbaycandakı yatırımları bizdə yenə məmnunluq doğurur. Bu barədə hörmətli Prezidentin fikirləri şübhəsiz ki, buradakı prosesi daha yaxşı əks etdirir. Buna görə də həqiqətən məmnunluq keçiririk.
Mən bugünkü səfərimizin çox səmərəli olduğu fikrindəyəm. Heyətlərimiz arasındakı görüşlər də çox səmərəli şəkildə nəticələndi. Qarşıdakı mərhələnin də çox səmərəli olacağı qənaətindəyəm.

Mən bütün mətbuat nümayəndələrinə - dostlarıma minnətdarlığımı bildirirəm, təşəkkür edirəm", Ərdoğan bəyanatında deyib.

Jurnalistin "Ermənistan Prezidenti Serj Sarkisyanın "Dağlıq Qarabağı biz aldıq, yeni nəsil də Ağrı dağını ələ keçirsin" sözlərini necə qiymətləndirirsiniz?" sualına cavabında Ərdoğan deyib ki, bu, bir dövlət xadiminə və ya bir Prezidentə yaraşan ifadə tərzi, yanaşma forması deyildir.

"Gələcək nəsillərə kin və nifrət aşılamaq dövlət xadiminə yaraşmaz. Serj Sarkisyanın etdiyi bir təhrikdir, öz gəncliyinə kin və nifrət hissi aşılamağa səy göstərməkdir. Bununla Ermənistan gəncliyinin gələcəyi nə olacaqdır? Bu gedişlə qaranlıq olacaqdır, bu hadisələrə hər zaman qara eynəklə baxacaqdır. Bunu mütləq bilməlidirlər.

Hazırda Dağlıq Qarabağ ərazisi işğal edilib və işğalçılar məlumdur. Bunu yalnız biz demirik, bunu BMT də deyir. Bu, sübut olunmuşdur. Bu, həll edilməlidir. Bunun həllinə indiyə qədər mənfi yanaşma Ermənistan tərəfindədir. Azərbaycan hər zaman müsbət yanaşma ortaya qoymuşdur. "Siz hazırda Dağlıq Qarabağı bizdən təhvil aldınız, biz ölüb gedəcəyik, Ağrını da siz alacaqsınız" - belə bir məntiq olarmı? Belə bir anlayış olarmı? Gəncliyə belə bir istiqamət, belə bir üfüq verilərmi?

Bu nə deməkdir? Ey gənclər, Ermənistan Türkiyə ilə bundan sonra istədiyi kimi, istədiyi şəkildə bir müharibəyə də girə bilər. Bunların hamısını rədd edirik. Belə bir dövlət xadimi, belə bir diplomatiya olmaz. Sarkisyan burada ciddi bir səhv etmişdir. Tarixi bir səhvi birbaşa özü təsdiq edərək demişdir. O, üzr istəməlidir, bu səhvindən dönməlidir", Ərdoğan bildirib.

Xəbər lenti

Xəbər lenti