...

Rusiyanın Azərbaycandakı RLS-dən istifadə etməsi Ermənistanın təhlükəsizlik maraqlarına zidd deyil - Ermənistan Müdafiə Nazirliyi

Siyasət Materials 10 Avqust 2011 13:20 (UTC +04:00)
Rusiyanın Azərbaycandakı radiolokasiya stansiyasından istifadə etməsi Ermənistanın təhlükəsizlik maraqlarına zidd deyil və regionda vəziyyətin yaxşılaşmasına kömək edir.
Rusiyanın Azərbaycandakı RLS-dən istifadə etməsi Ermənistanın təhlükəsizlik maraqlarına zidd deyil - Ermənistan Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 10 avqust

Rusiyanın Azərbaycandakı radiolokasiya stansiyasından istifadə etməsi Ermənistanın təhlükəsizlik maraqlarına zidd deyil və regionda vəziyyətin yaxşılaşmasına kömək edir. Bunu Ermənistanın müdafiə nazirinin müavini David Tonoyan bildirib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına istinadən xəbər verib.

"Ermənistanla Rusiyanın müttəfiqlik münasibətlərinin strateji xarakterini nəzərə alaraq, biz RF-nin Qəbələ RLS-dən istifadə etməsinə Ermənistanın təhlükəsizlik maraqlarına zidd olan hərəkət kimi baxımırıq", - nazir müavini qeyd edib.

Qəbələ radiolokasiya stansiyası Rusiyanın raket hücumundan xəbərdarlıq sisteminin tərkib hissəsidir. Stansiya Azərbaycanın Qəbələ rayonunun yaxınlığında yerləşir. RLS SSRİ-nin raket əleyhinə sisteminin ən vacib elementi olub. Azərbaycan müstəqillik əldə etdikdən və RLS onun mülkiyyətinə keçdikdən sonra Rusiya stansiyadan istifadəni icarə şərtləri əsasında davam etdirib. Saziş stansiyanın statusunu Azərbaycanın mülkiyyəti olmaqla və Rusiyaya 2012-ci ilədək on il müddətinə müqavilənin uzadılması şərtilə icarəyə verilən analitik-informasiya mərkəzi kimi statusunu müəyyənləşdirib. Onun icarə müddəti 2012-ci ilin dekabrında başa çatır. Stansiya Rusiya tərəfindən cənub istiqamətində kosmik-hava məkanına nəzarət etmək və İran, Pakistan, Hindistan kimi ölkələrdən ballistik raketlərin mümkün buraxılması barədə xəbərdarlıq etmək üçün istifadə olunur.

İyulun sonunda Rusiyanın müdafiə naziri Anatoli Serdyukov Azərbaycanda işgüzar səfərdə olarkən Qəbələ RLS-in icarə müddətininin uzadılması məsələsini müzakirə edib. Səfərin yekunları üzrə Serdyukov jurnalistlərə bildirib ki, Rusiya Qəbələ RLS-nin modernləşdirilməsi də daxil olmaqla, stansiyanın gələcək istifadəsi ilə bağlı təkliflər hazırlayıb.

Onun sözlərinə görə, yaxın vaxtlarda işçi qrup yaradılacaq. İşçi qrup azərbaycanlı həmkarları ilə stansiyanın gələcək istifadəsi ilə bağlı texniki məsələləri tamamlamaq üçün Bakıya gələcək. Bundan başqa, o da bildirilmişdi ki, Rusiya iki il ərzində Qəbələ RLS-in yenidənqurulması üzrə işləri başa çatdıracaq.

Xəbər lenti

Xəbər lenti