...

ABŞ və NATO-nun yaratdığı raket hücumundan müdafiə sistemi Türkiyədə yerləşdiriləcək

Siyasət Materials 2 Sentyabr 2011 11:58 (UTC +04:00)
ABŞ və NATO-nun yaratdığı raket hücumundan müdafiə sistemi çərçivəsində raket hücumu təhlükəsi barədə ilkin xəbərdarlıq radarı Türkiyədə yerləşdiriləcək.
ABŞ və NATO-nun yaratdığı raket hücumundan müdafiə sistemi Türkiyədə yerləşdiriləcək

ABŞ və NATO-nun yaratdığı raket hücumundan müdafiə sistemi çərçivəsində raket hücumu təhlükəsi barədə ilkin xəbərdarlıq radarı Türkiyədə yerləşdiriləcək. Bu barədə cümə günü jurnalistlərə Türkiyə XİN-in rəsmi nümayəndəsi Səlcuq Ünal məlumat verib.

Diplomat xatırladıb ki, RƏM sistemlərinin yerləşdirilməsi barədə qərar ötən il NATO-nun Lissabonda keçirilən sammitində qəbul olunub və Türkiyə əvvəldən bu təşəbbüsün həyata keçirilməsi ilə bağlı işlərə dəstək görtərib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti yazır.

Ünal bildirib ki, radarın yerləşdirilməsi məsələsi ilə bağlı texniki işlər və danışıqlar hökumətin göstərişi, maraqlı idarə və təşkilatların sıx qarşılıqlı fəaliyyəti nəticəsində son mərhələyə daxil olub.

"ABŞ və NATO tərəfindən hazırlanan ilkin xəbərdarlıq radarının ölkəmizdə yerləşdirilməsi planlaşdırılır. Bu elementin (RƏM) Türkiyədə yerləşdirilməsi ölkəmizin NATO-nun yeni strategiyası çərçivəsində inkişaf etdirilən müdafiə sisteminə töhfə olacaq, NATO-nun müdafiə potensialını və bizim milli müdafiə sistemimizi möhkəmləndirəcək", - diplomat qeyd edib.

Yerli KİV-in məlumatına görə, ümumi AvroRƏM sisteminə birləşdirilən radarın Türkiyənin cənub-şərqində yerləşdirilməsi planlaşdırılır.

Bu ilin iyulunda ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Mark Toner bəyan etmişdi ki, ABŞ bir sıra NATO ölkələri ilə Avropanın gələcək raket hücumundan müdafiə sisteminin yerləşdirilməsi ilə bağlı danışıqlar aparır, lakin o, danışıqların təfərrüatları barədə məlumat verməmişdi.

Hələ apreldə dövlət katibinin Avropa və Avrasiya işləri üzrə müavini Filip Qordon bəyan etmişdi ki, ABŞ bu ilin sonunadək radarın yerləşdiriləcəyi yer barədə yekun qərar qəbul edəcək.

Kiçik Corc Buşun respublikaçılar administrasiyası dövründə ABŞ Polşada raketdən müdafiə sistemini, Çexiyada isə RƏM radar sistemini yerləşdirmək fikrində idi. Moskva bunu öz strateji potensialı üçün birbaşa təhlükə hesab edirdi. Hazırkı Prezident Barak Obama RƏM strategiyasını dəyişərək bu planları təxirə salmağı qərara alsa da, onlardan tam imtina etmədi. Bu da RF-nin mənfi reaksiyasına səbəb oldu.

Bu ilin sonunda başa çatdırılması nəzərdə tutulan AvroRƏM-in yaradılmasının birinci mərhələsində artıq yaradılmış və öz effektivliyini sübut etmiş və Aegis dəniz bazası sistemlərinin də daxil olduğu raketdən müdafiə sisteminin Avropada yerləşdirilməsi nəzərdə tutulur. Sözügedən radar AN/TPY-2 dəniz mobil radar aşkarlama sistemidir. Radarın və tutucu raketlərin yerləşdirilməsi Avropanın regional ballistik raket təhdidlərini əks etdirməyə imkan verəcək.

İkinci mərhələ 2015-ci ilədək başa çatacaq. Lazımi sınaqların keçirilməsindən sonra dəniz və yerüstü yerləşdirilmə üçün daha güclü tutucu raket SM-3-ün (Blok-IB) versiyasının, eləcə də yaxın və orta radiuslu raket təhdidlərindən müdafiə olunna rayonun genişləndirilməsi üçün daha mükəmməl sensorların yerləşdirilməsi planlaşdırılır.

2018-ci ildə başa çatmalı olan üçüncü mərhələ təkmilləşdirilmiş SM-3 (Blok IIA) istehsalı, sınaqdan keçirilməsi və yerləşdirilməsini nəzərdə tutur.

RƏM sisteminin yaradılmasının dördüncü fazasının 2020-ci ildə başa çatdırılması nəzərdə tutulub. SM-3 (Blok IIB)-nin yerləşdirilməsinin orta və uzaq məsafəli raket təhlükələrinə və gələcəkdə ABŞ-a qarşı qitələrarası ballistik raket təhdidlərinin mümkünlüyünə qarşı daha yaxşı müdafiə olunmağa imkan verəcəyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti