...

NATO-nun RHM sisteminin Türkiyədə yerləşdirilməsi İsraili müdafiə etmək üçündür - İran müdafiə naziri

Siyasət Materials 22 Sentyabr 2011 16:32 (UTC +04:00)
NATO-nun raket hücümundan müdafiə (RHM) sisteminin Türkiyədə yerləşdirilməsi İsraili müdafiə etmək üçündür.
NATO-nun RHM sisteminin Türkiyədə yerləşdirilməsi İsraili müdafiə etmək üçündür - İran müdafiə naziri

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir T.Cəfərov/

NATO-nun raket hücümundan müdafiə (RHM) sisteminin Türkiyədə yerləşdirilməsi İsraili müdafiə etmək üçündür. Bunu İranın müdafiə naziri Əhməd Vəhidi deyib. Bu barədə Trend İranın ISNA xəbər agentliyinə istinadən məlumat verir.

Vəhidi region ölkələri tərəfindən Avropanı hər hansı bir təhlükənin gözləmədiyini və bu sistemin Türkiyədə yerləşdirilməsinin zəruri olmadığını vurğulayıb.

"Qərb ölkələri bu raket sistemini Avropanı müdafiə etmək üçün quraşdırdıqlarını deyirlər, lakin Avropa ölkələri heç vaxt rəsmi sənədlə region ölkələri tərəfindən təhlükədə olduqlarını bəyan etməyiblər ki, ABŞ bu sistemi quraşdırmaqla onları müdafiə etmək istəsin", - Vəhidi bu gün İranda keçirilən hərbi parad zamanı jurnalistlərə deyib.

Vəhidi əlavə edib ki, RHM sistemi radarının Türkiyədə yerləşdirilməsi Rusiya və İranın gücünü məhdudlaşdırmaq üçündür.

Bundan əvvəl Türkiyə XİN-in mətbuat katibi Selçuk Ünal jurnalistlərə deyib ki, həmin radar Türkiyədə yerləşdiriləcək. Diplomat bildirib ki, bu barədə qərar NATO-nun Lissabondakı sammitində qəbul olunub və Türkiyə lap əvvəldən bu təşəbbüsə dəstək verib.

Bu ilin sonunda başa çatdırılması nəzərdə tutulan AvroRHM-in yaradılmasının birinci mərhələsində artıq yaradılmış və öz effektivliyini sübut etmiş və "Aegis" dəniz bazası sistemlərinin də daxil olduğu raketdən müdafiə sisteminin Avropada yerləşdirilməsi nəzərdə tutulur. Sözügedən radar AN/TPY-2 dəniz mobil radar aşkarlama sistemidir. Radarın və tutucu raketlərin yerləşdirilməsi Avropanın regional ballistik raket təhdidlərini əks etdirməyə imkan verəcək.

İkinci mərhələ 2015-ci ilədək başa çatacaq. Lazımi sınaqların keçirilməsindən sonra dəniz və yerüstü yerləşdirilmə üçün daha güclü tutucu raket SM-3-ün (Blok-IB) versiyasının, eləcə də yaxın və orta radiuslu raket təhdidlərindən müdafiə olunna rayonun genişləndirilməsi üçün daha mükəmməl sensorların yerləşdirilməsi planlaşdırılır.

2018-ci ildə başa çatmalı olan üçüncü mərhələ təkmilləşdirilmiş SM-3 (Blok IIA) istehsalı, sınaqdan keçirilməsi və yerləşdirilməsini nəzərdə tutur.

RHM sisteminin yaradılmasının dördüncü fazasının 2020-ci ildə başa çatdırılması nəzərdə tutulub. SM-3-ün (Blok IIB) yerləşdirilməsinin orta və uzaq məsafəli raket təhlükələrinə və gələcəkdə ABŞ-a qarşı qitələrarası ballistik raket təhdidlərinin mümkünlüyünə qarşı daha yaxşı müdafiə olunmağa imkan verəcəyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti