...

Aİ 2012-ci il üçün Mehriban Qonşuluq Proqramı hazırlayır - Avropa komissarı

Siyasət Materials 11 Oktyabr 2011 15:53 (UTC +04:00)
Aİ gələn il üçün dəyəri 20 milyon dollar olan yeni Avropa Mehriban Qonşuluq Proqramını hazırlamağı qərara alıb.
Aİ 2012-ci il üçün Mehriban Qonşuluq Proqramı hazırlayır - Avropa komissarı

Belçika, Brüssel, 11 oktyabr /Trend, müxbirlər A.Qasımova, T.Konyayeva/

Aİ gələn il üçün dəyəri 20 milyon dollar olan yeni Avropa Mehriban Qonşuluq Proqramını hazırlamağı qərara alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Brüsseldə KİV-in perspektivlərinə həsr olunmuş konfransda genişləndirmə siyasəti üzrə Avropa komissarı Ştefan Füle bildirib.

"Bundan başqa, Aİ "Erasmus mundus" proqramını da genişləndirməyi qərara alıb", - Füle deyib.

"Erasmus mundus" proqramının ümumi məqsədi Avropa ali təhsilinin irəliləməsi, tələbələrin karyera perspektivlərinin yaxşılaşdırılması və ali təhsil sahəsinin davamlı inkişafına yönəlmiş Aİ-nin xarici siyasətinin məqsədlərinə uyğun üçüncü ölkələrlə əməkdaşlıq vasitəsilə mədəniyyətlərarası qarşılıqlı əlaqələrə kömək etməkdir.

Avropa İttifaqı və Azərbaycanın münasibətləri 1990-cı ildə Avropa Komissiyasının MDB ölkələrinə TASIS proqramı çərçivəsində göstərdiyi dəstəklə başlayıb.

Avropa İttifaqı və Azərbaycan arasında 1999-cu ildə qüvvəyə minmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş mövcuddur, eləcə də 2003-cü ildən fəaliyyət göstərən Avropa Mehriban Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq həyata keçirilir.

2008-ci ilin mayında Azərbaycanla Aİ arasında münasibətlər yeni mərhələyə - təşəbbüskarı Polşa və İsveç olan "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığa keçib.
"Şərq Tərəfdaşlığı" proqramı Aİ-nin qonşuluq siyasəti çərçivəsində altı postsovet ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə siyasi və iqtisadi əlaqələrinin yaxşılaşdırılmasına yönəldilib. Proqram Aİ-yə üzvlük imkanını deyil, viza rejiminin sadələşdirilməsi, energetika sahəsində əməkdaşlıq, azad ticarət zonalarının tətbiqini nəzərdə tutur. Tələbə mübadiləsi, ətraf mühitin qorunması, enerji təchizatı üzrə kiçik layihələr də həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti