Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir A.Tağıyeva/
Əlcəzair Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin ailə üzvlərini nə Liviyaya, nə də hansısa başqa ölkəyə verəcək və bu barədə danışıqlar yalnız BMT ilə aparılacaq. Trend-in məlumatına görə, bu barədə ərəb mətbuatı ölkə rəhbərliyinə istinadən xəbər yayıb.
Əlcəzair tərəfi onu da bəyan edib ki, Qəddafinin ailə üzvlərinə humanizm baxımından sığınacaq verib və onların gələcək taleyi üçün narahat olaraq Liviyaya verilmələrini düzgün hesab etmir.
Məlumatda o da deyilir ki, Qəddafinin ailə üzvlərinin yeri məxfiləşdirilib və onlar gücləndirilmiş mühafizə altındadırlar.
Cümə axşamı, oktyabrın 20-də Liviya MKŞ-nin İcraiyyə Komitəsinin sədri Mahmud Cibril Əlcəzairi Müəmmər Qəddafinin ailə üzvlərinin Liviya hakimiyyətinə təhvil verməyə çağırıb. Əvvəl xəbər verildiyi kimi, polkovnikin ailəsinin bəzi üzvləri - həyat yoldaşı Safiyə, qızı Aişə, oğlanları Məhəmməd və Hannibal avqustda Əlcəzairə qaçıblar. Əlcəzair onlara humanizm baxımından sığınacaq verdiyini bəyan edib.
Gözlənildiyi kimi, yaxın vaxtlarda Milli Keçid Şurasının üzvlərindən ibarət nümayəndə heyəti iki qonşu ölkənin gələcək münasibətləri ilə bağlı danışıqlar aparmaq üçün Əlcəzairə səfər edəcək.
Liviyanı 42 il idarə edən Qəddafi Milli Keçid Şurasının (MKŞ) tərəfdarlarına əsir düşdükdən sonra Sirt şəhəri yaxınlığında həlak olub. MKŞ-nin məlumatına görə, Qəddafini hospitala aparan avtomobil inqilabçılarla polkovnikin öz qüvvələri arasında atışmada atəş altına düşüb və nəticədə o, başından ölümcül güllə yarası alıb.
Lakin digər məlumata görə, Qəddafi pusquya düşüb, Misratada MKŞ döyüşçüləri tərəfindən əsir götürülüb və təhqir olunduqdan sonra edam edilib.